"Azərbaycana səfərim iki qardaş ölkənin bundan sonra da münasibətlərini eyni səviyyədə davam etdirməsi üçün səmərəli olub". Bu barədə məlumatı bu gün Rusiyaya səfər edəcək Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O, bu səfəri başqa cür qələmə vermək istəyənlərin olacağını istisna etməyib. "Türkiyə ilə qardaş ölkələr arasına həm daxildəbn, həm xaricdən fitnə-fəsad salmaq istəyənlər olacaq. Ancaq biz öz işimizi görürük. Azərbaycan prezidenti İlham Əliyev mənim açıqlamalarımdan sonra yayılan söz-söhbətə nöqtə qoydu".
R.T.Ərdoğan Cənubi Qafqazda sülh və sabitliyin olması istiqamətində Azərbaycanın dövlət başçısı ilə eyni baxışlarının olduğunu qeyd edib. O bildirib ki, "Türkiyə Azərbaycanı haqlı davasında yalnız buraxacaq" iddiaları ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını həm Azərbaycanda keçirdiyi ortaq mətbuat konfransında, həm də Milli Məclisdəki çıxışında ifadə edib. "Bizim bu ifadələrimizə mətbuatda geniş yer verilərəkən, bəziləri hələ də buna başqa don geydirmək istəyirlər. Türkiyənin qardaş ölkə olan Azərbaycanı yalnız buraxması müzakirə mövzusu ola bilməz.
Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında təbii qazın alqı-satqısı ilə bağlı məsələyə də toxunub. O bildirib ki, bu məsələ ilə bağlı müvafiq şəxslərə və qurumlara təlimatlar verilib. «Bu işləri ən qısa zamanda bitirəcəyik. Məsələ ilə bağlı çıxan xəbərlər həqiqəti əks etdirmir». Baş nazir qazın qiymətinin artıb-azalması barədə məlumatlara tez-tez toxunmağın əhəmiyyəti olmadığın bildirib. Onun sözlərinə görə, qazın qiyməti neftin qiyməti ilə bağlıdır. "Azərbaycanla bağlı bu nöqtədə mövqeyimiz belədir ki, birinci il müəyyən qiymət olacaq, sonra isə qiymətlər dünya səviyyəsinə uyğun olaraq dəyişəcək. Mən bu qiymətlərin bir az daha aşağı ola biləcəyini bir necə dəfə söyləmişəm. Bizim Azərbaycandan aldığımız qaz 4 milyard kub metr civarındadır. Ötən il bu rəqəm bir az artıq olub. Hazırda biz qazın həcmini artıraraq, 8 milyard kub metrə çatdırmaq istəyirik. Amma bir daha qeyd edirəm ki, Türkiyə ildə 35-36 milyard kub metr qaz istifadə edir". /ANS PRESS/