Türkiyə Azərbaycana T-155 Fırtına özüyeriyən artilleriya sistemi satmaqda israrlıdır
14 Oktyabr 2011 Cümə 17:50
Almaniya şirkəti Azərbaycana Dağlıq Qarabağ münaqişəsinə görə «Fırtına» üçün mühərrik satmaqdan imtina edib.
Bakı. Rəşad Süleymanov - APA. Bəzi Avropa şirkətlərinin maneələrinə baxmayaraq, Türkiyə Azərbaycana T-155 «Fırtına» özüyeriyən artilleriya sisteminin satışında israrlıdır. Bunu APA-ya eksklüziv açıqlamasında Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar bildirib.
Azərbaycanla Türkiyə arasında «Fırtına» sisteminin alğı-satqısına dair razılaşma əldə olunsa da, bu ilin ortalarında yayılan məlumata görə, layihədə bəzi texniki problemlər yaranıb. «Fırtına»nı mühərriklə təchiz edən Almaniyanın MTU şirkəti Azərbaycana satılacaq artilleriya sisteminə mühərrik verməkdən imtina edib. Eyni problemlə Azərbaycana kater satışını həyata keçirmək istəyən «Yonca-Onuk» şirkəti də üzləşib.
«Biz qardaş ölkə olaraq həmin problemin həllini üzərimizə götürdük», - deyə M. Bayar əlavə edib.
M. Bayarın sözlərinə görə, artıq Türkiyə tərəfi silah sisteminin Azərbaycana ixracına dair iki yeni variantı nəzərdən keçirir. Bunlardan birincisi başqa bir ölkədən mühərrikin alınmasıdır: «Hazırda Makina və Kimya Sənayesi Təşkilatı alternativ variantlara baxır. İkinci variant Türkiyədə mühərrik istehsalının həyata keçirilməsidir. Biz mühərrik sıxıntısından dərs çıxardıq, Türkiyədə mühərrik istehsalına dair fəaliyyətə başladıq. Bu variant təxminən 4-5 il zaman alacaq. Ondan sonra problem qalmayacaq».
M. Bayar, həmçinin, əlavə edib ki, T-155 «Fırtına» sistemi çox güclü silahdır. Azərbaycan onu silah inventarına daxil etməklə, əlavə güc qazanmış olacaq.
Makina və Kimya Sənayesi Təşkilatının (MKEK) idarə heyətinin sədri Ünal Önsipahioğlu isə APA-ya açıqlamasında artıq problemin həll olunmaq ərəfəsində olduğunu deyib: «Artilleriya sisteminin mühərrik və transmissiya problemi həll olundu və alternativ şirkət tapıldı».
Qeyd edək ki, «Fırtına»nı mühərriklə təchiz edən Almaniyanın MTU şirkəti Azərbaycana Dağlıq Qarabağ münaqişəsinə görə mühərrik verməkdən imtina edib.
5 heyətə malik «Fırtına»nın uzunluğu 12 metr, eni 3,5 metr, çəkisi 47 ton, sürəti 66 km/saatdır. Türkiyə Silahlı Qüvvələrinin inventarında olan «Fırtına»lar «MTU-881 KA 500» dizel mühərriki ilə təchiz edilib. Sistemin silahlanmasına 155 mm-lik «L-52» topu və 12.7 mm çaplı pulemyot daxildir. Artilleriya sistemi 40 km məsafədəki hədəflərə qarşı effektiv tətbiq edilə bilir. APA
DOSTLARINLA PAYLAŞ: