Türkiyə Azərbaycan gərginliyi aradan qalxdı
14 May 2009 Cümə Axşamı 14:15
Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyənin Ermənistan siyasətində yenə əsas amilə çevrilir
Bakı. Vüqar Məsimoğlu-APA. Türkiyə-Azərbaycan münasibətlərində daha bir mərhələ geridə qaldı. Baş nazir Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri cəmi 24 saat davam etsə də, bu müddət son iki ayda ölkələr arasında yaranmış gərginliyə son qoymağa kifayət etdi.
Səfərin ən önəmli nəticəsi budur - Dağlıq Qarabağ münaqişəsi Türkiyənin Ermənistana yönəlik siyasətində yenə də əsas yeri tutur. Rəcəb Tayyip Ərdoğanın “Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Ermənistanla sərhədlər açılmayacaq” fikrini Azərbaycanda bir daha səsləndirməsi Ankara-Bakı münasibətlərində əvvəlki status-kvonu bərpa etmiş oldu. Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfərinin son iki ayda iki ölkə arasında yüksək səviyyəli ilk rəsmi səfər olduğunu unutmamaq lazımdır. Səfər gerçəkləşibsə, o zaman Azərbaycanı tam qane edən bəyanatın veriləcəyi gözlənilən idi və ehtimallar da özünü doğrultdu.
Bir məqam xüsusilə diqqəti cəlb edir ki, Ərdoğan Azərbaycanı tam qane edən ilk bəyanatı məhz Azərbaycana səfər ərəfəsində - mayın 10-da, yəni prezidentlərin Praqa görüşündən sonra verib. Bu görüşə son zamanlar intensivləşən və hər kəsi optimist əhval-ruhiyyədə kökləyən diplomatik danışıqların dönüm nöqtəsi kimi baxılırdı, lakin bütün ehtimallara rəğmən Praqa danışıqları gözlənilən nəticəni vermədi. Türkiyənin münaqişənin nizamlanması istiqamətində böyük ümidlər bəslədiyi bu görüşün nəticəsiz qalması istər-istəməz Ankaranın da mövqeyində dəyişikliyə səbəb olub.
Əslində Praqa görüşündən sonra Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərini tənzimləmək məqsədilə başlayan çoxvektorlu danışıqlar prosesində də bir durğunluq müşahidə olunur. Artıq bu müstəvidə danışıqlar intensivliyi aşağı düşüb. Ermənistanın son anda masada olan təkliflərdən imtina etməsi istər Türkiyə-Ermənistan, istərsə də Azərbaycan-Ermənistan danışıqlarını mənasızlaşdırıb.
Rəcəb Tayyip Ərdoğanın ilk dəfə mayın 10-da, sonra isə Bakı səfəri zamanı ən yüksək kürsülərdən Dağlıq Qarabağ münaqişəsinin Ermənistanla münasibətlərin qurulmasında əsas faktor olduğunu bəyan etməsinin əsas səbəblərindən biri məhz Ermənistanın Praqa danışıqlarında qeyri-konstruktiv mövqe tutmasıdır. Bu bəyanatdan sonra Türkiyə-Ermənistan “Yol xəritəsi” ilə bağlı dialoqun da bir müddət arxa plana keçəcəyini də gözləmək olar.
Ankara bu mövqeyi ilə həm də Ermənistanla danışıqların nə qədər davam edəcəyinə də qismən aydınlıq gətirib. Ərdoğanın bəyanatı və Ankara-Bakı xəttində meydana çıxan problemlərin bir səfərlə aradan qalxması bu anlama gəlir: “Türkiyə Ermənistanla nə qədər danışıq aparsa belə, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan İrəvanla münasibətləri yumşaltmaq üçün ciddi addım atmayacaq”. Bu mövqe Azərbaycanın maraqlarını tam təmin etməklə yanaşı, həm də Türkiyə ilə münasibətlərin normallaşacağına böyük ümidlər bəsləyən Ermənistana qarşı təzyiq edilməsi deməkdir.
Rəcəb Tayyip Ərdoğanın Azərbaycana bir günlük səfəri iki ölkə arasında gərginliyi alovlandıran bir məsələyə də nöqtə qoymuş oldu. Söhbət Türkiyəyə nəql olunan mavi yanacağın qiymətinin artırılmasından gedir. Təkbətək görüşdən sonra baş nazir Ərdoğan və prezident İlham Əliyevin bu məsələ ilə bağlı açıqlamaları tərəflərin satılan qazın qiymətinin qaldırılmasında ortaq məxrəcə gəldiyini göstərir. Türkiyə baş naziri Azərbaycandan idxal olunan mavi yanacağın qiymətinin ədalətli olmadığını deyib və bununla da Azərbaycanın qiymətləri qaldırması üçün gətirdiyi əsasların doğru olduğu ilə razılaşmış olub. Verilən bəyanatlar göstərir ki, artıq Türkiyəyə satılacaq mavi yanacağın qiymətinin qaldırılması məsələsində siyasi baryer aşılıb. Azərbaycan qazının Türkiyəyə satış qiymətinin mərhələlərlə qaldırılacağı gözlənilir. /APA-Analitika/
DOSTLARINLA PAYLAŞ: