Türkdilli ölkələrin prezidentləri “Əcəmi” seyrangahında olublar
03 Oktyabr 2009 Şənbə 00:50
Açıq səma altındakı muzeydə 5 min il tarixi olan eksponat qonaqlarda böyük maraq doğurub
Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün oktyabrın 2-də Naxçıvana gələn Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Qırğızıstan prezidenti Kurmanbek Bakiyev muxtar respublikanın paytaxtındakı “Əcəmi” seyrangahı ilə tanış olublar.
Dövlət başçıları əvvəlcə burada Heydər Əliyevin büstünü ziyarət ediblər. Sonra prezidentlər “Əcəmi” seyrangahında açıq səma altındakı muzeyin eksponatlarına baxıblar. Məlumat verilib ki, 2002-ci ildə yaradılmış muzeydə əsasən Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı yaşayış məntəqələrindən tapılan müxtəlif dövrlərə aid, o cümlədən Gəmiqaya arxeoloji ərazisində aşkar edilən maddi-mədəniyyət nümunələri - daşdan düzəldilmiş qoç heykəlləri, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr nümayiş olunur. Muzeydəki 5 min il tarixi olan eksponat qonaqlarda daha çox maraq doğurub. Bütövlükdə, eksponatlar Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın tarixinin qədimliyindən xəbər verir.
Daha sonra dövlət başçıları Möminəxatın türbəsi ilə tanış olublar. Məlumat verilib ki, Əcəmi Naxçıvaninin dövrümüzə qədər gəlib çatan ən gözəl əsəri olan və Naxçıvan memarlıq məktəbinin bədii memarlıq səviyyəsinin şahidi kimi Möminəxatın türbəsi Azərbaycanın çoxsaylı qədim abidələrindən biridir. Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı Möminəxatının şərəfinə tikildiyi məlum olur. Monumental, əzəmətli bir tikili olan Möminəxatın türbəsi Naxçıvana gələn səyyah və tacirlərin diqqətini ta qədimdən bəri özünə cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapıb. Möminəxatın türbəsi bürcvari Azərbaycan türbələrinin ən gözəl nümunələrindəndir. Qeyd edilmişdir ki, kərpicdən tikilən türbənin memarlıq sxemi olduqca zəngin bir üslubda işlənib.
Qonaqlara Azərbaycanın bütün tarixi abidələri kimi, Möminəxatın türbəsinin də qorunması və bərpasına göstərilən dövlət qayğısı barədə məlumat verilib.
Dövlət başçıları türbənin önündə xatirə şəkli çəkdiriblər.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar