Türkdilli ölkələrin dövlət başçıları sabah İstanbula toplaşacaq
14 Sentyabr 2010 Çərşənbə Axşamı 21:35
Toplantıda prezident İlham Əliyevin də iştirakı gözlənilir.
Qazaxıstan da daxil olmaqla Türkdilli ölkələrin dövlət başçıları sabah İstanbula toplaşacaq. Prezident İlham Əliyevin də iştirakı gözlənilən toplantıda bir sıra regional məsələlər gündəlikdə olacaq. ANS-in Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, budəfəki Türk sammitinin geniştərkibli olacağı gözlənilir. Sonuncu Naxçıvan sammitindən fərqli olaraq Türkmənistan prezidenti də zirvəyə gələcək. Əsas müzakirə mövzusunun isə Türkdilli ölkələr arasında əməkdaşlığın əsas istiqamətləri olan iqtisadiyyat, enerji, ekoloji təhlükəsizlik, mədəni-humanitar sahələr və regional münaqişələr olacaq.
Sammitin gündəliyinə, həmçinin iştirakçı ölkələr arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönələn məsələlər, habelə regional və beynəlxalq mövzularda tərəfləri maraqlandıran mövzular daxil edilib. Türkdilli dövlət başçılarının X zirvə görüşünün proqramında bir sıra ikitərəfli və üçtərəfli görüşlər yer alıb. Bunlar arasında Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti və baş naziri ilə ayrı-ayrılıqda olacaq görüşləri, həmçinin Türkiyə-Azərbaycan və Türkmənistanın xarici işlər, o cümlədən enerji nazirlərinin üçtərəfli görüşləridir. Bu görüşlərdə ölkələr arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin və regional layihələrin müzakirə olunacağı bildirilir.
ANS-in Türkiyəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, görüşün keçiriləcəyi Çırağan sarayında mətbuat mərkəzi fəaliyyət göstərəcək. Son tamamlama işləri aparan əməkdaşlar bildiriblər ki, budəfəki sammitə çoxlu sayda xarici jurnalist qatılacaq. 300-dək işləyəcək jurnalistin təxminən yarısı Qərb və Rusiya mətbuatının nümayəndələridir.
Xatırladaq ki, Türkdilli ölkələrin sammitinin əsası 1992-ci ildə qoyulub və indiyədək doqquz belə toplantı keçirilib. Zirvə ile eyni zamanda Türkdilli ölkələrin xarici işlər nazirlərinin də toplantısı olacaq. Həmin toplantıda Türkdilli ölkələrin XİN rəhbərləri beynəlxalq təşkilatlarda biri-birinə dəstək verməsi məsələlərinin gündəmdə olacağı bildirilir. Həmçinin tərəflər Qarabağ münaqişəsinə dair danışıqlardakı son durumu da müzakirə edəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: