Türk sürücülərinin sərhədi niyə keçə bilmir?
11 İyul 2011 Bazar Ertəsi 22:50
Türkiyəli sürücülərə məxsus yük maşınları Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində "ilişiblər".
Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində türk sürücülərinə məxsus yük maşınlarının buraxılmasındakı problem bu gün yenidən baş qalıdırıb. Gecikdirmənin səbəbindən məlumatsız olan sürücülər Gürcüstanla yanaşı Azərbaycan gömrükçülərini də ittiham edirlər.

Azərbaycanın “Sınıq körpü” sərhəd gömrük məntəqəsində iddia edirlər ki, son bir neçə gün ərzində Türkiyədən gələn yük maşınlarının Gürcüstan istiqamətindən Azərbaycana daxil ola bilməməsinin səbəbi qarşı tərəfdəki ləngimə ilə bağlıdır. Gömrük postunun rəisi Ceyhun İbrahimov bildirib ki, Gürcüstan tərəfi əksər maşınları buraxsa da, məlum olmayan səbəbdən türk sürücülərinin maşınlarını sərhəddə saxlayır.

Yay mövsümü başlayandan sözügedən gömrükdə ümumiyyətlə sıxlığın artdığını deyən sürücülər, gürcülərin son günlər baş verənlərdə Azərbaycan tərəfini günahlandırdıqlarını bildirirlər.

“Gürcülər bizim pasportları götürüb araşdırır. Bizi toplayır, tozun-torpağın içində saxlayırlar. Orada çörək yox, su yoxdur. Maşınları 10-10 buraxırlar. 2 saat gözləməli oluruq.”, - deyə türkiyəli sürücü Doğan Sürməli bildirib.

Baş verənlərə aydınlıq gətirmək üçün Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndələri və Gəncədəki konsulu Haluk Ağca da sərhəd keçid məntəqəsində olub. Konsul hər iki tərəfdə görüş keçirən Gürcüstandakı həmkarlarının və özünün apardığı müşahidələrə əsasən problemin gürcü tərəfində olduğunu deyib: “Sürücülər problemin gürcü tərəfindən qaynaqlandığını ifadə edib. Mən buna bir şərh verə bilmərəm. Gürcüstanla Türkiyyənin əlaqəliri çox yaxşıdır”.

Sərhəd keçid məntəqəsinin Azərbaycan tərəfində isə bildirirlər ki, qışda buradan gün ərzində 100-150 maşın keçirdisə, indi onların sayı dəfələrlə artaraq 800-ü ötüb. Bununla belə Azərbaycandakı gömrük postunda maşınların hərəkətində problem yaşanmır və ləngimələrə gürcü tərəfi yol verir.

“Türk maşınlarının sürücüləri ilə danışdıq, mən özüm danışdım. Onlar deyir ki, gürcü tərəfi günahı Azərbaycan tərəfində görür. Lakin səfirliyin iştirakı ilə göründü ki, Azərbaycan tərəfdə heç bir problem yoxdur və maşınlar respublika ərazisinə daxil olur”, - deyə “Sınıq körpü” gömrük postunun rəisi Ceyhun İbrahimov vurğulayıb.

Qeyd edək ki, ötən ay “Sınıq körpü” sərhəd keçid məntəqəsindən ümumilikdə 12 mindən çox maşIn gediş-gəliş edib. onların da orta hesabla 70 faizi Türkiyə şirkətlərinə məxsusdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar