Türk-erməni abidəsinin sökülməsi uzanır
03 Fevral 2011 Cümə Axşamı 11:10
Türkiyənin mədəniyyət və turizm naziri abidənin nə vaxt söküləcək sualını dolaşığa salıb
Türkiyənin Qars vilayətindəki türk-erməni abidəsinin sökülməsi uzanır. Belə ki, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay abidənin nə vaxt söküləcəyi barədə konkret açıqlama verməkdən yayınıb.

“Məsələ bir az spekulyasiya edildi. Mühafizə qurumlarının aldığı qərarlar var və bunun əsasında iş aparılacaq. Bələdiyyənin qəbul etdiyi qərar bir layihə kimi mühafizə qurumuna veriləcək və qurumun uyğun gördüyü tədbir görüləcək. Bizim və ya bələdiyyənin bu məsələdə xüsusi səlahiyyəti yoxdur”, - deyə Ərtoğrul Günay bildirib.

Qeyd edək ki, Qars Bələdiyyəsinin Məclisi türk-erməni dostluğunun simvolu sayılan abidənin sökülməsinə dair qərar qəbul edib. Bələdiyyə başçısı Nevzat Bozkuşun sədrliyi ilə keçirilən iclasda Cümhuriyyət Xalq Partiyasından olan 4 Məclis üzvü qərarın "əleyhinə", Ədalət və İnkişaf Partiyasının 11 və Milli Hərəkat Partiyasından olan 4 məclis üzvü "lehinə" səs verib.

Xatırladaq ki, “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikintisinə 2008-ci ildə başlanılıb. Abidənin tikintisi hələ yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Qarsa səfəri zamanı bələdiyyə başçısı və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar