Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin konqresi
06 İyul 2009 Bazar Ertəsi 00:50
Bu barədə qərar Türk dünyası riyaziyyatçılarının Almatıda keçirilən 3-cü konqresində qəbul olunub

Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin (TDRC) təşəbbüsü ilə Almatıdakı Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində keçirilən türk dünyası riyaziyyatçılarının 3-cü konqresi başa çatıb. Konqresdə dünyanın 15 ölkəsinin, o cümlədən Azərbaycan, ABŞ, Türkiyə, Özbəkistan, İran, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Rusiyanın elmi tədqiqat institutları və ali təhsil müəssisələrinin 600-dən artıq alimi iştirak edib.
Konqresdə bölmələr üzrə riyaziyyatın müxtəlif sahələrinə aid bu elmin uğurları və inkişaf perspektivləri, ölkələr arasında elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat işlərində informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin dərinləşdirilməsi və digər mövzularda 600-ə yaxın məruzə dinlənilib.
Tədbirdə təşkilati məsələyə baxılıb. Türk Dünyası Riyaziyyatçıları Cəmiyyəti idarə heyətinin qərarı ilə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, professor Bakıtjan Jumaqulov TDRC-nin prezidenti, Türkiyə nümayəndəsi Etibar Pənahov və Azərbaycan MEA-nın vitse-prezidenti, akademik Fikrət Əliyev vitse-prezident seçiliblər. Yeni seçilmiş idarə heyətində Azərbaycan alimləri Yusif Qasımov və Bilal Bilalov da təmsil olunublar.
Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin növbəti konqresi Azərbaycanda keçiriləcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar