Turan Yazgan: Rauf Denktaş cəsur bir lider idi
14 Yanvar 2012 Şənbə 19:02
Turan Yazgan: Rauf bəy Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasında bir mücahid kimi yorulmadan savaşdı.
“Rauf Denktaş böyük dövlət adamı idi. Tanrıdan ona qəni-qəni rəhmət diləyirəm. Rauf bəy Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasında bir əsgər kimi, yolundan sapmayan bir mücahid kimi yorulmadan, bezmədən savaşdı. Dövləti elan edəndən sonra onun yaşaması üçün lazım olan işlərin heç birini axsatmadan həyata keçirdi. Bu fədakarlıqlarına görə onun qəbrinin nurla dolacağına əminəm”.
Bunu APA-nın Türkiyə müxbirinə Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Turan Yazgan yaxın dostu, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu və birinci prezidenti Rauf Denktaşın vəfatından sonra açıqlayıb.
Turan Yazqan Rauf Denktaşla birgə çox işlər gördüklərini deyib: “Yeri gəldikcə bunları danışacağam. Şimali Kipr Türk Cümhuriyyətinin elan edilməsindən sonra orada çox işlər gördük. Vəqfimiz ildə bir neçə dəfə orada seminarlar keçirirdi. Biz Şimali Kipr Türk Cümhuriyyətini dünyada tanıtmaq və oranın turizminə dəstək vermək üçün seminarlarımızı adada keçirməyi məqsədə uyğun hesab edirdik. Adada keçirdiyimiz seminarlar həm də siyasi nümayiş mahiyyəti daşıyırdı. Rauf bəy bir neçə dəfə Vəqfimizin Süleymaniyyədəki toplantı salonunda gənclərə müraciət etdi...
17 fevral 1993-də Nikosiyada keçirdiyimiz seminarımıza tanınmayan digər 2 türk cümhuriyyətinin - Qaqauz cümhuriyyətinin baş naziri Stefan Topalı və Krım Türk cümhuriyyətinin lideri Mustafa Cəmil Krımlını da dəvət etdim. Aeroportun VİP salonunda prezident Rauf Denktaşı qarşımızda gördük. Mənim məqsədim tanınmayan Türk cümhuriyyətlərinin dövlət başçılarını birləşdirmək idi. Hörmətli Denktaşın bizi qarşılamağa gəlməsi həm çaşqınlığımıza səbəb olmuş, həm də 164 nəfərdən ibarət olan heyətimizi qürurlandırmışdı. VİP salonunda çay içərkən Türkiyə xarici işlər nazirliyinin ona göndərdiyi məktubu mənə göstərdi: orda yazılmışdı ki, tanınmayan dövlətlərin başçılarının rəsmi qarşılanması məqsədəuyğun deyil. Amma hörmətli Denktaş bizi aeroporta qırmızı xalılar sərdirərək rəsmi mərasimlə qarşıladı. Bizə verilən rəsmi maşınlar və eskortlarla Nikosiya küçələrindən keçib Rauf bəyin Girnədəki evinə getdik. Rəsmi qarşılanma mərasimi Kipr türkləri arasında böyük həyəcana səbəb olduğu kimi, tanınmayan Türk dövlətlərinin başçıları üçün də şərəf oldu. Rauf Denktaş bu cür cəsur bir lider idi...
Hörmətli Denktaş iqtidardan ayrılsa da, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət kimi yaşayıb güclənməsi üçün oranın iqtidarından daha çox güc sərf etdi...
Rauf bəy, mərhum Ahmet Kabaklı və mən Türkiyənin Cənubi-Şərq bölgələrini gəzmişdik. Orada Rauf bəy süfrələrdə bardaş qurub otururdu, xalqla qaynayıb qarışırdı. Son dərəcə sadə və cana yaxın bir adam idi. Çox möhtərəm bir insan idi. Allah onu qəni-qəni rəhmət etsin”...
DOSTLARINLA PAYLAŞ: