Tokioda körpələrə su verilməsi qadağan olundu
24 Mart 2011 Cümə Axşamı 13:00
Şəhər rəhbərliyinin evlərə verilən suyun körpələrə verilməməsi göstərişi anaları təlaşa salıb
Yaponiyanın paytaxtı Tokioda su təchizatı borularına radioaktiv maddələrin düşməsi xəbəri supermarketlərdə qablaşdırılmış suyun tükənməsinə gətirib çıxarıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, şəhər rəhbərliyinin evlərə verilən suyun körpələrə verilməməsinə dair göstərişi gənc anaları təlaşa salıb.

Supermarketlərdə körpəsi olanlara içməli su paylanır. Tokio rəhbərliyi bu gün 240 min qablaşdırılmış su paylamağı planlaşdırır. Radiasiya təhlükəsi olan ərazidə 80 min körpənin olduğu hesablanıb. Körpəsi olanlar hər uşağa görə 3 ədəd 1,5 litrlik qablaşdırılmış su alır. Paytaxtda suda radioaktiv yodun səviyyəsinin nisbətən normal olduğu halda, qonşu Çiba və Saitama prefekturalarında suda radioaktiv yodun səviyyəsi yüksək olaraq qalır. Yaponiyanın şimalında isə 660 min ev hələ də susuzdur. Martın 11-də baş vermiş zəlzələ və sunami nəticəsində ölən və itkin düşənlərin sayı da tez-tez dəyişir. Artıq 9700 nəfərin ölümü, 16 500 nəfərin isə itkin düşməsi təstiqlənib.

Dünya ölkələrinin Yaponiyaya yardımı da davam edir. Avstraliya Yaponiyanın “Fukusima” atom elektrik stansiyasının qəza vəziyyətində olan reaktorlarını sərinlətmək üçün avadanlıq göndərib. Avstraliya Kraliyyət Hava Qüvvələri təchizatı Yaponiyanın Yokota Avia-bazasına gətirib. Uzaqdan idarə edilən su aparatı istənilən istiqamətdə manevr edərək havadan nüvə reaktorlarına su səpmək qabiliyyətinə malikdir.

ABŞ-a məxsus “C-130” yük təyyarəsi isə bu səhər Senday hava limanına enib. Təyyarə Yaponiyada dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması və bərpa işlərində isifadə olunan texnika üçün dizel yanacağı gətirib. Yokota avia-bazasına isə 3 dizel yanacağı tankeri gətirilib. Ümumilikdə Yaponiyada xilasetmə işlərində 12,750 amerikalı mütəxəssis, 20 gəmi və 140 hava gəmisi iştirak edir. ABŞ-dan Yaponiyaya 110 ton humanitar yardım çatdırılıb.

“Fukusima-Dai İçi” nüvə kompleksinin iki reaktorundan isə ağ tüstü qalxmağa davam edir. Tüstünün səbəbi dəqiq məlum deyil, stansiya işçiləri reaktorları sərinlətməyə davam edirlər. İlkin partlayışlar nəticəsində “Fukusima-1” atom elektrik stansiyasının 6 reaktorundan 4-də problemlər yaranıb. 3-cü blokdan isə artıq qara tüstü qalxmır. AES-dən 20 kilometr aralıda yaşayanlar evakuasiya olunub, 30 kilometr aralıda yaşayan sakinlərə isə qapı-pəncərələri kip bağlamaq və mümkün olduqca bayıra çıxmamaq tövsiyə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar