Tiflisə gələn əcnəbilər Azərbaycan xalçalarını alır
14 Oktyabr 2011 Cümə 23:10
Gürcüstanda Azərbaycan xalçalarına tələbat böyükdür.
İncə ornamenti, zərif və nəfis naxışları ilə seçilən, orta əsr Avropa rəssamlarının rəsm əsərlərində belə özunə yer alan Azərbaycan xalçalarına bu gün də əcnəbilərin marağı böyükdür. Nəinki ölkəmizdə, hətta Gürcüstanda qonaq olan əcnəbilər məhz Azərbaycan xalçalarını seçirlər.

Qədim Tiflisdə Şeytanbazar kimi tanınan yerdə sıra ilə düzülən xalça dükanlarında əsasən azərbaycanlılar işləyib. Bu dükanlarda Azərbaycandan, eləcə də Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən xalça, kilim, palaz və digər xalça məmulatları satılırdı.

İndi də həmin yerdə, daha dəqiq desək, Tiflisin Leselidze küçəsindəki dükanlarda satılan xalça və xalça məmulatları arasında xeyli sayda Azərbaycan məhsulları var. Burada piştaxtaları Qazax, Gəncə, Quba, Şirvan, Borçalı, Qaraçöp xalçaları bəzəyir. Əcnəbilər, vaxtilə Tiflisə gələn ABŞ prezidenti Corc Buşun xanımı da Qafqaz xalçaları içərisindən məhz Azərbaycan toxucularının əl işini bəyənib.

Xalça dükanının sahibi Manana Arkvaniyanın sözlərinə görə, burada hamısı qədim xalçalardır: “Gələn turistlər çox böyük maraq göstərir. Bizim qalereyaya məşhur insanlar da baş çəkir. Bu yaxınlarda Hollivud ulduzu Şeron Stoun qonağımız olmuşdu. 5 il əvvəl Tiflisə gələn Amerika prezidenti Corc Buşun xanımı Lora Buş isə Qafqaz xalçalarına baxan zaman Azərbaycanın Şirvan xalçasını bəyənərək almışdı”.

Xalça satıcıları xüsusən Amerika və Avropa ölkələrindən olan turistlərin Qafqaz xalçalarına maraq göstərdiyini bildirir. Son vaxtlar isə elə Gürcüstanın özündə də alıcıların sayının artması sevindirici hal kimi qeyd olunur. Həm qədimdə, həm də indi Gürcüstandakı azərbaycanlılar üçün cehiz əşyaları arasında xalça mühüm əhəmiyyət kəsb edib. Bu baxımdan bu sənətkarlıq nümunələrinin alınmasına hər zaman maraq olduğu söylənilir. Tiflisdəki mağazalarda satılan və buradan dünyanın bir çox yerlərinə aparılan Azərbaycan xalçaları isə hər bir xarici ölkədə milli-mədəni irsimizin zənginliyini nümayiş etdirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar