Tiflis müsəlmanların QMİ ilə əlaqəsini kəsmək niyyətindədir?
11 May 2011 Çərşənbə 22:46
Gürcüstan hökumətinin son addımı azərbaycanlılar arasında birmənalı qarşılanmır.
Gürcüstan hökuməti ərazisindəki məscidlərlə bağlı sərt qərar qəbul edib. Bu ölkədəki din xadimlərimiz bunun əsl səbəbini onunla izah edir ki, rəsmi Tiflis bu addımı atmaqla müsəlmanların Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqəsini kəsmək niyyətindədir. Gürcüstan Müsəlmanlar İdarəsinin mətbuat katibi Mixael Çeladzenin sözlərinə görə, bu idarə təbii ki, Gürcüstandakı bütün müsəlmanlara şamil ediləcək: “Gürcüstandakı məscidlər də bu idarənin tabeçiliyindədir. Bu idarənin başında müfti dayanır. O isə Batumidəkı müfti Cemal Baqşadzedir”.

O bildirib ki, bu təkşkilatın idarə heyətində həmçinin Kvemo-Kartlidən olan azərbaycanlı Hüseyn Yusubov da təmsil olunur.

Təbii ki, bu xəbər Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəliyində günəşli havada ildırım effekti verib. Tiflisin “Cümə məscidi”nin axundu Əli Əliyev hesab edir ki, yeni idarə məzhəblərarası qarşıdıruma təhlükəsi yaratmaqla Gürcüstanın azərbaycanlı vətəndaşlarının da haqlı narazılığına səbəb olur. Onun sözlərinə görə, 100 il əvvəl Zaqafqaziya Müsəlmanlar İdarəsi Gürcüstanda yerləşirmiş. O bildirib ki, burdan bütün Qafqaz idarə olunub: “Onların da həmişə rəhbərliyi məhz azərbaycanlılar olub. Gürcüstanda yaşayan və ya Azərbaycandakı azərbaycanlılar olub. Amma bu gün həmin qurumda azərbaycanlılara heç bir rəhbərlik verilmir. Orada acar müsəlmanları rəhbərlik edir. Həm burada məzhəb baxımdan da bir şeyx müfti seçiləcək. Bu da düzgün addım deyil”.

Beləliklə, Gürcüstan Müsəlmanlar İdarəsi yarandıqdan sonra proseslərin necə idarə olunacağı suallar doğurur. Qafqaz Müsəlmanlar İdarəsi sədrinin müavini Hacı Salman Musayev deyir ki, Tiflisin yeni dini idarə yaratması buradakı müsəlmanlara qarşı ayrı-seçkilikdir: “Buradakı ermənilər qriqoryana, katoliklər Vatikana məxsus olduğu halda, niyə müsəlmanlar Azərbaycana yox, Gürcüstanda yaradılan hansısa quruma tabe olmalıdır?”.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə dini icmalarla işləməyin və bu sahədə hər hansı problemlərlə üzləşməməyin yolunu Azərbaycandan nümunə götürməkdə görürlər. Qurumun sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, Azərbaycan nümunəsi ilə də müqayisə apara bilərik: “Məsələn deyək ki, Azərbaycanda da gürcülər yaşyır. Bu gürcülərin də təbii ki, gürcü Pravoslav kilsəsinə etiqad edirlər. Təbii ki, Azərbaycanda da gürcü kilsələri var. Həmin gürcü kilsələrində gürcü katolikosu tərəfindən təyin olunan ruhani fəaliyyət göstərir”.

G. İsmayılov deyir ki, onların ruhani təyinatı Gürcüstan tərəfindən həyata keçirilir. Yəni Gürcüstandakı müsəlman icmalarının dini təyinatının da Bakıdan aparılması təmin edilməlidir.

Hər halda, Gürcüstan hökumətinin son addımı uzun müddətdir ki, Bakıdan idarə olunan Qafqaz müsəlmançılığınının üzləşdiyi ciddi problemdir və bu addımın ardınca gözlənilən proseslər o qədər də yaxşı gələcək vəd etmir. Üstəlik, onu da nəzərə alsaq ki, bu gün Gürcüstan əhalisinin 1 milyonu azərbaycanlılar təşkil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar