Ticarət dövriyyəsinin səviyyəsi nə İranı, nə də bizi qane etmir
17 Noyabr 2010 Çərşənbə 16:25
İlham Əliyev: "Mövcud potensial imkan verəcək ki, yaxın zamanlarda ticarət dövriyyəsini bir neçə dəfə artıraq".
“Biz İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfərinə çox böyük əhəmiyyət veririk. Bu səfərin çox gözəl nəticələri var. Həm təkbətək, hən də geniş tərkibli görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini geniş müzakirə etdik. Bir daha öz mövqeyimizi ifadə etdik ki, ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf etməklə davam etməlidir. Biz çalışırıq ki, bütün sahələrdə uğurlu əməkdaşlığımızın dərinləşməsi üçün səylərimizi qoruyaq və buna nail oluruq”. Bunu bu gün Azərbaycanda səfərdə olan İran İslan Respublikasının prezidenti Mahmud Əhmədinejadla görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib. Onun sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədir: “Bizim aramızda çox güclü siyasi dialog aparılır. Biz sizinlə mütəmadi qaydada, həm İranda, həm Azərbaycanda, həm də başqa ölkələrdə görüşürük, fikir mübadiləsi aparırıq. Xarici işlər və digər nazirlər vaxtaşırı görüşürlər. Yəni siyasi əlaqələrimizin inkişafı bütün başqa sahələrdəki əlaqələrin inkişafına səbəb olur. Bununla da bizim əlaqələrimiz daha da güclənir”.

Prezident vurğulayıb ki, beynəlxalq təşkilatlarda iki ölkənin əməkdaşlığının çox böyük əhəmiyyəti var: “Biz BMT, İKT, EKO təşkilatlarında bütün dövrlərdə çox uğurlu əməkdaşlıq etmişik. Bir-birimizi dəstəkləyirik və bu dəstək günü gündən güclənir”.

İqtisadi məsələlərdə əməkdaşlığa toxunan dövlət başçısı qeyd edib ki, bu gün iki ölkə iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikir mübadiləsi aparır: “Fikrimiz də ondan ibarətdir ki, iqtisadi əlaqələrimizi daha da sürətlə inkişaf etdirməliyik. Ticarət dövriyyəsinin səviyyəsi nə İran tərəfini, nə də bizi qane etmir. Biz əminik ki, ölkələrimizdə mövcud olan potensial bizə imkan verəcək ki, yaxın zamanlarda ticarət dövrüyyəsini bir neçə dəfə artıraq. Biz buna çalışırıq və artıq müvafiq göstərişlər verilib”.

Enerji və nəqliyyat sahəsində imzalanmış anlaşma memorandumundan danışan İ.Əliyev əmindir ki, iki ölkə arasında ticarət dövrüyyəsi də xeyli dərəcədə artacaq: “İmzalanmış memorandum çoxşaxəlidir. Burada bütün vacib olan konkret layihələr öz əksini tapıb. Nəqliyyat sektorunda Şimal-Cənub dəhlizinin yaradılması və bu işlərdə əlavə tədbirlərin görülməsi nəzərdə tutulub. Birgə elektrik məsələlərinin yaradılması, elektrik xətlərinin birləşdirilməsi məsələləri öz əksini tapıb. Buraya qaz sahəsində əməkdaşlıq da daxildir. Yəni bütün nəqliyyat sektorunu əhatə edən məsələlər bu memorandumda göstərilib. Memorandumun icrasına tezliklə başlamaq üçün artıq bütün tapşırıqlar verilib”.

Prezident xatırlatdı ki, iki ölkə arasında enerji sektorunda əməkdaşlığın gözəl tarixi var: “Biz gələcəyə baxmalıyıq. Bu gün möhkəm təməl üzərində qurulan bu əlaqələr daha da inkişaf etməlidir. Ümid edirəm ki, həm İran, həm də Azərbaycan tərəfində görülən işlər, qoyulan sərmayə enerji sahəsində əməkdaşlığı daha da böyük olmasını təmin edəcək”.

Sonra dövlət başçısı vurğuladı ki, bizim xalqlarımız dost, qardaş xalqlardır: “Ömür boyu xalqlarımız bir yerdə olub, bir yerdə yaşayıblar. Bizi bağlayan tarixi və mədəni əlaqələr bugünkü əlaqələrimizin möhkəm təməlidir. Bu təməl üzərində biz münasibətlərimizi qurmuşuq. Bu günkü münasibətlərimizin səviyyəsi ən yüksək səviyyədir. Ardıcıllıqla bu səviyyənin qaldırılması üçün əməli-praktiki addımları atırıq. Biz qonşuyuq, biz qardaşıq, biz dostuq. Biz bu bölgədə vacib rola malikik”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar