The Washington Post qəzetinin müxbiri ANS-ə danışdı
11 İyul 2011 Bazar Ertəsi 22:09
Qəzetin Moskva müxbiri Uil İnqlunq bildirib ki, məqalə yazarkən obyektiv olmağa çalışıb.
Bu gün ANS-in əməkdaşları ABŞ-ın “The Washington Post” qəzetinin işğal altındakı Dağlıq Qarabağa səfər etmiş müxbiri ilə əlaqə qurmağa müvəffəq olub. Qəzetin Moskva müxbiri Uil İnqlunq bildirib ki, məqalə yazarkən obyektiv olmağa çalışıb və əsasən gördüklərini qələmə alıb.

“Mənim əsas məqsədim orada mövcud həyat şəraitini öyrənmək idi. Mümkün qədər çox insanla ünsiyyətdə olmağa çalışdım ki, dünyadan təcrid olan bir ərazidə həyat necə olur. Dağlıq Qarabağın hüquqi statusu digər məsələdir. Həm Ermənistanda, həm də Azərbaycanda insanlar Dağlıq Qarabağla bağlı məsələyə həssas yanaşırlar. O ki qaldı məsələnin obyektiv şərh olunmasına, mən gördüklərimi yazdım və çalışdım ki, obyektiv olum”, - deyə Uil İnqlunq vurğulayıb.

Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağı de-fakto müstəqil hesab edən məqalə müəllifindən Dağlıq Qarabağla bağlı məqalədə Xankəndi deyil, Stepanakert sözünün işlədilməsinə də münasibət bildirib. “İngilis dilində bəzi coğrafi adlar olduğu kimi səslənmir. Bizim öz adlarımız var. Ona görə də, ingilis dilində oranın adı Xankəndi deyil, Stepanakert deyilir. Buranın adı neçə onilliklər belə adlandırıldığı üçün biz də belə deyirik”.

Uil İnqlunq həmçinin söz verib ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin də mövqeyi qəzetdə dərc olunacaq.

Azərbaycanın Xarici İşlər Nazirliyi də “The Washington Post” qəzetinin Moskva müxbirinin Dağliq Qarabağa səfərilə bağlı Azərbaycan tərəfinin mövqeyinin dərc olunacağına ümid edir.

““The Washington Post” qəzeti öz nüfuzunu və bitərəf mövqeyini rəhbər tutaraq Azərbaycan tərəfinə Dağlıq Qarabağa səfərlə bağlı məlumat verib. Qəzetin Moskva müxbirinin məqalədə Azərbaycanın mövqeyinə əks olan fikirlərinə gəldikdə, bu müəllifin öz şəxsi mövqeyidir. Ümid edirik ki, yaxınlarda Azərbaycan tərəfinin də Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi dərc olunacaq”, - deyə XİN rəsmisi Elxan Poluxov vurğulayıb.

Xatırladaq ki, “The Washington Post” qəzetinin Moskva müxbiri Uil İnqlunq erməni işğalı altında olan Dağlıq Qarabağa səfər edərək, məqalə yazıb. O, yazısında Xankəndi və Qarabağ əvəzinə “Stepanakert”, “Arsax” ifadələrindən istifadə edərək, münaqişə haqqında birtərəfli məlumatlara yer verib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar