Təyyarə qəzasında ölənlərin ailələrinə kompensasiya veriləcək
09 İyul 2011 Şənbə 13:19
Kompensasiyanın məbləği 100 min manat təşkil edəcək.
İyulun 6-da Əfqanıstanda qəzaya uğrayan təyyarədə həyatını itirən 9 nəfərin hər birinin ailəsinə təxminən 100 min manat kompensasiya veriləcək. Lent.az-ın verdiyi məlumata görə, bunu “Silk Way Holdinq” MMC-nin prezidenti Zaur Axundov söyləyib. O deyib ki, qəzada ölənlərin hər biri sığorta şirkətləri tərəfindən sığortalanıb və bu günə qədər də onların ailələrinə müəyyən qədər kömək edilib: “Biz hazırda qəzada həlak olan Özbəkistan vətəndaşının ailəsini Azərbaycana gətirmişik. Onlar Beynəlxalq Hava Limanındakı oteldə yerləşdirilib. Sadəcə, bəzi sənədlər var ki, onları tamamladıqdan sonra nəzərdə tutulan kompensasiya həlak olanların ailələrinə veriləcək”.
Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: