Tərəflər bizi eşitsəydi, bu hadisə baş verməzdi
15 Mart 2011 Çərşənbə Axşamı 18:13
ATƏT həmsədrlərinin Bakıya səfəri başa çatıb
Artıq ATƏT həmsədrlərinin Bakıya səfəri başa çatıb. İrəvana yola düşməzdən əvvəl fransalı həmsədr Bernar Fasye jurnalistlərə açıqlamasında deyib ki, tərəflər vaxtında cəbhə xəttindən snayperləri geri çəksəydi, 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi hadisəsi baş verməzdi.

Onun sözlərinə görə, onlar Azərbaycan xarici işlər naziri və prezidentlə əsas üç məsələni müzakirə ediblər: “Soçi görüşünün nəticələrini, ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağda apardığı müşahidələrin hesabatını təqdim etmişik və hər iki tərəfdən cəbhə xəttindən snayperlərin çəkilməsi məsələlərini müzakirə etdik. Hesabat hələlik qarşı tərəfə - Ermənistana təqdim edilmədiyi üçün onun detalları haqda danışa bilmərik”.

B. Fasye deyir ki, cəbhə xəttində sonuncu insident baş verəndə - 9 yaşlı uşaq öldürüləndə onlar Vilnüsdə olublar: “Bu barədə xəbər alan kimi, biz dərhal bəyanat yaymışıq və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə məsələ ilə bağlı araşdırma aparmağı tapşırmışıq. Bu araşdırmalara artıq başlanıb. Cənab Kasprşik və onun komandası öz işlərinə, monitorinqlərə başlayıb. Bu iş davam edir. Hələ nəticələri almamışıq. Biz həmişə deyirdik ki, atəşkəs haqqında əldə olunan razılığı daha da möhkəmləndirmək lazımdır”.

Fransalı həmsədr bildirib ki, iki ildən çoxdur ki, həmsədrlər hər iki tərəfdən snayperləri geri çəkməyi xahiş edir: “Tərəflər bizi eşitsəydi, bu hadisə də baş verməzdi”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar