Ter-Petrosyan: "Müharibə təhlükəsi hələ də var, xalqı aldatmaq lazım deyil"
19 İyul 2010 Bazar Ertəsi 22:55
Sabiq prezidentin fikrincə, Qarabağ münaqişəsi həll olunmasa, Ermənistanda adam qalmayacaq.
Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Ermənistanda adam qalmayacaq. Belə bir bəyanatla Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan çıxış edib. O, paytaxt İrəvanda keçirilən “Erməni beynəlxalq hərəkatı”nın 16-cı toplantısında çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ və Türkiyə-Ermənistan problemi həll olunmadan Ermənistanın təhlükəsizlik, iqtisadi və demokratik sahədə inkişafı ilə əlaqədar problemləri davam edəcək.
Keçmiş dövlət başçısı Robert Köçəryanın “Ermənistan daha 100 il blokada şəraitində yaşaya bilər” bəyanatını şərh edən Ter-Petrosyan əhalinin ölkəni tək etməsinin faciəvi nəticələrə gətirib çıxaracağını deyib: ”Ermənistan 100 il daha blokada şəraitində qalarsa, bu vəziyyətdə ölkədə Ermənistan vətəndaşı qalmayacaq. Qarabağ münaqişəsi ilə bağlı durumun bu şəkildə qalmasını dəstəkləyənlər ölkədən gedənlərin dalğasını necə dayandıracaqlarını bilmirlər”.
Ermənistanın ilk prezidenti Qarabağda müharibənin başlama ehtimalını da istisna etməyib. O həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinin bu məsələdən agah olduğunu bildirib: "Son diplomatik səylər münaqişənin həllinə yönəlib. Müharibə təhlükəsi hələ də var, xalqı aldatmaq lazım deyil”.
Petrosyan Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətlərində hər hansı bir irəliləyişin olmayacağını da söyləyib. Onun fikrincə, bunun üçün ilk növbədə Ermənistan rəhbərliyi bu münaqişəni həlli etməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: