Telekanallarımız niyə bu gündədir?
03 Oktyabr 2009 Şənbə 17:05
Telekanallarımız niyə bu gündədir? Ekspert çıxış yolunu Azərbaycan mediasına xaricdən maliyyənin cəlb edilməsində görür.
«Ramiz Mehdiyevin məqaləsi cəmiyyət üçün sərt mesajdır. Dövlətdə çox yüksək rütbəyə malik bir adamın bu mövzuda məqaləni şərh etməsi cəmiyyət üçün mesajdan başqa bir şey ola bilməz. Bu, normaldır. Gecikmiş olsa belə, mən bu fikri pozitiv qarşılayıram. Çünki bu məqalə cəmiyyətdə polemikalar doğura və diskussiyalar aça bilər”. Bu sözləri ANS PRESS-ə media eksperti, Bakı Dövlət Universitetinin müəllimi Zeynal Məmmədli deyib. Onun sözlərinə görə, məqalədə səbəblərdən deyil, nəticələrdən danışılır: «Prezident Administrasiyası rəhbərinin məqaləsində televiziyaya baxan adi Azərbaycan vətəndaşının qənaətləri təkrarlanır. Amma «televiziyalar niyə bu gündədir?» sualına cavab verilmir. Cəmiyyətdə hansısa sahədə inhisar varsa, deməli kimlərinsə azadlıqlarının məhdudlaşdırılmasından söhbət gedir. Azadlığın məhdudlaşdırılması, inhisar söhbəti varsa, onda cəmiyyətdə peşəkar dəyərlər aparıcı olmur. Əgər məqalə o fikirlə yazılıbsa ki, biz səbəbləri üzə çıxaraq, onda mən bunu yüksək qiymətləndirirəm”.

Z.Məmmədli qeyd edib ki, bu məqalə cəmiyyətdə diskussiyalar yaradacaqsa, cəmiyyətin müzakirə predmeti olacaqsa, hökumət özü də ilk növbədə bu məsələdə maraqlı olmalıdır.

Ekspertin fikrincə, Ramiz Mehdiyev bir növ “dayan” əmrində olan, gözləmə mövqeyi tutan televiziyaların qarşısındakı qırmızı işığı sarı işıqla əvəz edib: “Amma yaşıl işıq hələ görünmür. Sarı işıq da özü-özlüyündə yaxşı işarədir - götürmək, düşünmək, səbəbləri axtarmaq, çıxış yolları aramaq deməkdir. Görək televiziya menecerlərinin bununla bağlı mülahizələri cəmiyyətə yetiriləcəkmi? Yetirilməyəcəksə, bu məqaləni zəruri edən başqa fikirlər ağla gələcək».

Z.Məmmədli bildirib ki, Azərbaycan televiziyalarına baxanların sayı günü-gündən azalır: «Məqalədə adıçəkilən reytinqölçən qurumların məlumatları da bunu təsdiqləyir. 100 adamdan 17-si TV-yə baxırsa, bu, əvvəlki göstəricilərin nə qədər endiyini göstərir. Bu göstərici dövlət adamı üçün nə deməkdir? İstənilən hökumət özünün müsbət obrazının yaradılmasında maraqlıdır. Deməli, hökumətin müsbət obrazının qeyri-peşəkar səviyyədə yaradılması onları narahat etməyə başlayıb».

Ekspertin fikrincə, məqalədə şou-proqramlar və buna üstünlük verən televiziyalar hədəf götürülüb: «Amma səbəb nədir? Vaxtilə diskussiya proqramlarına, canlı proqramlara görə reytinq qazanan televiziyalar - ANS, “Space” birdən-birə o mövzulardan niyə çəkindilər? Deməli, ehtimal etmək olar ki, inzibati yaxud siyasi məhdudiyyət var. Bu ehtimala min cür əsas gətirmək olar”.

Z.Məmmədli xarici təcrübədən misal gətirərək deyib ki, keçid dövrü yaşayan yaxud mətbuat azadlığından təzə-təzə istifadə edilən ölkələrdə siyasi aktuallığı olan mövzulardan qaçırlar: “Bu mövzular onların içində problemlər yaradır, müdaxilələr olur. Menecerlər öz başlarını ağrıtmamaq üçün əlavə problemlər yaranmasın deyə aktual mövzulardan qaçır. Ən yaxşısı isə heç kəsin xətrinə dəyməmək, heç bir dövlət məmurunu tənqid etməmək, heç bir oliqarxa toxunmamaqdır».

Z.Məmmədli hesab edir ki, bu halda seyrçi toplamaqda televiziyaların problemləri yaranır: “Əlbəttə ki, ucuz, bu kimi şou-proqramlar hazırlamaq vəziyyətdən çıxış yolu olur. Bazar da elə böyük deyil ki, heç olmasa keyfiyyətli şou verilişlər hazırlansın”.

Çıxış yolunu Z.Məmmədli elektron və televiziya tezliklərinə qoyulan dövlət nəzarətinin götürülməsində görür. Onun sözlərinə görə, hakim dairələr özləri şəffaflığı təmin etməkdə və televiziyaların proqramlarına müdaxilə etməməkdə maraqlı olmalıdır: “Mətbuat azadlığı genişlənməlidir, medianın infrakstrukturu azad olmalıdır. Həmçinin mediaya xarici maliyyə cəlb olunmalıdır. Bu, mətbuatımızda və mediamızda olan monopoliyanı və korrupsiya faktorunu tam olaraq aradan qaldırar”.

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin dünənki sayında məqaləsi dərc olunub. “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsində o, ölkə telekanallarının fəaliyyətini tənqid edib. Bu isə cəmiyyətdə diskussiyalara səbəb olub.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar