Tehran konvensiyası üzvlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb
13 Avqust 2010 Cümə 11:07
Xəzərin dəniz mühitinin müdafiəsi üzrə Çərçivə Konvensiyası (Tehran konvensiyası) üzvlərinin üçüncü görüşü noyabrın 24-26-da Qazaxıstanda keçiriləcək.
APA-nın məlumatına görə, bu sənədə əsasən, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzərin çirklənməsinin qarşısının alınması və dəniz mühitinin bərpası üzrə öhdəlik götürüb.
Konvensiya BMT-nin Ətraf Mühit üzrə Proqramının yardımı ilə qəbul edilib.
Konvensiyanın üzvləri müntəzəm görüşlər keçirir, əldə onlunmuş razılaşmaların yerinə yetirilməsi və gələcək işləri müzakirə edirlər. İlk belə görüş 2007-ci ilin mayında Bakıda keçirilib. Görüş iştirakçıları Konvensiyaya daxil edilməsi nəzərdə tutulan 4 protokol layihəsi üzərində müzakirələr aparıblar. Həmin protokollar bioloji müxtəlifliyin qorunması üçün konkret öhdəliklər, neftlə çirklənmə və qurudakı mənbələrdən çirklənmə ilə ətraf mühitə təsir edə biləcək insidentlərin ləğv olunması və yumşaldılması yollarını nəzərdə tuturlar.
Qazaxıstanda keçiriləcək görüşdə həmin protokollardan 2-nin qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, Konvensiyanın qüvvəyə mindiyi gün – 12 avqust Xəzəryanı ölkələrdə «Xəzər Günü» kimi qeyd olunur.
Xatırladaq ki, Xəzər dünyanın ən böyük qapalı su hövzəsidir, burada 140 növ balıq mövcuddur. APA
DOSTLARINLA PAYLAŞ: