Tehran ATƏT-in Minsk qrupunun işindən narazıdır
25 Oktyabr 2010 Bazar Ertəsi 21:30
Məhəmməd Bağır Bəhrami: "İran istənilən işğalçılıq siyasətini pisləyir".
"Həmişə yadda saxlayın ki, bizim Ermənistanla yalnız qonşu ölkə kimi münasibətimiz var. İran bütün qonşuları ilə normal münasibətlər saxlayır”. Bunu İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami ölkəsinin Ermənistanla sıx iqtisadi əlaqələr qurmaqla Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmədiyi haqda fikirlərə münasibət bildirərkən deyib. O, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istədiklərini söyləyib: “İran istənilən işğalçılıq siyasətini pisləyir”.
Diplomat Dağlıq Qarabağ münaqişəsinin həllində bölgə ölkələrinin vasitəçiliyini zəruri sayır: “Çox təəssüf ki, bölgədən kənar ölkələrin 16-17 ildir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində vasitəçilik fəaliyyətinin heç bir nəticəsi olmayıb. Bölgə ölkələri özləri əl-ələ verərək bunu edə bilər. İran öz təklifini verib və ümid edirik ki, təklif qəbul olunacaq. Azərbaycan dövlətinə öz təşəkkürümü bildirmək istəyirəm ki, öz razılığını verib”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: