Təbrizdəki konsulumuz şairlərimizlə görüşmək üçün cəhdlər edib
07 İyul 2012 Şənbə 21:52
Azərbaycanın təqdim etdiyi notalara hələ də cavab verilməyib.
Bu gün müdafiə naziri Səfər Əbiyev Azərbaycanda diplomatik fəaliyyətini başa vuran İranın ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhramini qəbul edib. Görüşdə regiondakı hərbi siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Görüşdə İranda saxlanan Azərbaycan vətəndaşları ilə bağlı müzakirələrin aparıldığı barədə suala nazirliyin mətbuat xidməti cavab verməyib.

İranda saxlanılan azərbaycanlı şairlərlə görüşmək üçün Azərbaycanın Təbrizdəki konsulu cəhd etsə də, buna nail olmayıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Təbrizdəki konsulumuz İranda saxlanılan şairlərimizlə görüşmək üçün addımlar atsa da, İran tərəfi buna heç bir şərait yaratmayıb.

Qeyd edək ki, xaici işlər naziri Elmar Məmmədyarov İranın ölkəmizdəki səfiri Məmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edərkən Azərbaycanın Təbrizdəki konsuluna İranda saxlanılan vətəndaşlarımız ilə görüşün təşkil edilməsinə imkanının yaradılmasını tələb edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi vətəndaşlarımızla görüşün təşkil edilməsi üçün İran tərəfinə 5 nota təqdim etsə də, qarşı tərəf bunlara natamam cavab verməklə kifayətlənib. Yalnız İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Orqanı “Ettelat”ın rəhbəri Heydər Moslehi həbs olunmuş 2 Azərbaycan vətəndaşı barədə yaxın günlərdə məlumatın veriləcəyini bildirib.

Xatırladaq ki, hər ikisi şair olan Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da şeir festivalında iştirak etmək üçün İrana gediblər. Mayın 2-də onlar Təbrizdə saxlanıblar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar