Təbrizdə 28 May - Respublika Günü qeyd olunub
29 May 2012 Çərşənbə Axşamı 10:09
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü - 28 May-Respublika Günü Təbrizdə də qeyd olunub.
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, Təbrizin “Şəhriyar” otelinin “Zərrin” salonunda təşkil olunan rəsmi qəbulda Azərbaycan və İranın dövlət himnləri səsləndirilib və tədbirin mahiyyətinə dair çıxışlar edilib.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan, Şərqdə ilk parlamentli demokratik respublika olmasından və Azərbaycanın həmin dövrdə də İran İslam Respublikası ilə qurduğu dostluq əlaqələrindən danışıb.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb regionu üzrə nümayəndəliyinin rəhbəri Rza Yaqubi də çıxış edərək İranın Şərqi Azərbaycan vilayətinin rəhbərliyinin təbriklərini çatdırıb və İranla Azərbaycan arasında mövcud olan dostluq əlaqələrindən bəhs edib.
Rəsmi qəbulda Azərbaycanın sosial-iqtisadi inkişafına dair film nümayiş olunub. “Sarı gəlin”, “Qarabağ şikəstəsi” və sair Azərbaycan xalq mahnılarının sədaları ilə verilən ziyafətin ardınca “Azərbaycan-94” adlı rəmzi tort kəsilib.
Qəbulda İran İslam Respublikası Şərqi və Qərbi Azərbaycan vilayətinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun kollektivi, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
DOSTLARINLA PAYLAŞ: