Təbriz-Bakı əlaqələri gücləndirilməlidir
22 Fevral 2010 Bazar Ertəsi 19:10
“Təbrizlə Bakı arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr genişlənməlidir”. APA-nın “İrna”ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın Şərqi Azərbaycan vilayətinin qubernatoru Əhməd Əlirzabeygi Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə deyib.
O bildirib ki, Təbriz sənət, elm, ticarət və turizm sahələrində Azərbaycanla sıx əlaqələr qurmağa hazırdır və Təbriz əhalisi də buna çox meyllidir: “Biz Türkiyə ilə Azərbaycan arasında hərəkət edən ağır tutumlu avtomobillərin qısa müddətdə Azərbaycan Respublikasına çatması üçün Naxçıvan-Culfa sərhədindən yeni bir yol tikə bilərik”.
O. Əsədov isə Təbrizi ana vətəni adlandıraraq bu şəhərə gəlişinin hər azərbaycanlı kimi, onun da arzusu olduğunu söyləyib. O əlavə edib ki, Şərqi Azərbaycana bir daha səfər etsə, vilayətin bütün şəhərlərini gəzəcək.
O. Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Təbriz traktor zavodunda olduqdan sonra şairlər məqbərəsinə gedib və Məhəmməd Hüseyn Şəhriyarın məzarını ziyarət edib. Onlar daha sonra ali dini rəhbərin Şərqi Azərbaycan üzrə nümayəndəsi ayətullah Möhsün Müctəhid Şəbüstərinin evində qonaq olublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: