Tatarıstan rəhbəri Bakıda təndir çörəyi yedi
02 Mart 2011 Çərşənbə 14:36
Rüstəm Minnixanov İçəri Şəhərdə olub
Bakıda səfərdə olan Rusiya Federasiyası Tatarıstan respublikasının rəhbəri Rüstəm Minnixanov İçəri Şəhərdə olub. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, İçəri Şəhərlə tanışlığa ölkəmizin ən möhtəşəm abidələrindən olan, bir neçə min illik tarixə malik Qız Qalası abidəsinin tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat verilməsi ilə başlayıb.

Daha sonra yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisində yenidən təşkil olunmuş ekspozisiya Minnixanovun marağına səbəb olub. Kiçik Qala küçəsində yerləşən təndirdə qonaq təzə bişmiş təndir çörəyinin dadına baxıb. Respublikanın rəhbəri İçəri Şəhərlə tanışlığı dünya əhəmiyyətli tarixi abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə davam etdirib, kompleksin tərkibinə daxil olan abidələr və memarlıq-inşaat xüsusiyyətləri haqqında məlumat qonağın diqqətinə çatdırılıb.

Miniatür kitab muzeyində olan qonaq daha sonra dünya əhəmiyyətli abidə olan Məhəmməd Məscidinə gəlib və burada yenicə yekunlaşmış muzey-konservasiya işləri ilə tanış olub.

Daha sonra qonaq “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”ında sərgilənən rəsm əsərlərinə baxıb, İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar