Tapqaraqoyunlu yenə atəş altındadır
15 Avqust 2010 Bazar 15:50
Ermənilər əsasən iriçaplı pulemyotlardan atəş açır.
Son 2 ayda cəbhənin Goranboy istiqamətində hərbi əməliyyatlarını intensivləşdirən ermənilər avqustun 14-də axşam saatlarında işğal altındakı Talış kəndi ərazisindən rayonun cəbhə xəttində yerləşən Tapqaraqoyunlu kəndini yenidən atəşə tutub. Sakinlərin sözlərinə görə, əsasən iriçaplı pulemyotlardan atəş açılıb. Bunu kəndə düşən güllələr də sübut edir.
Qeyd edək ki, son 1 ayda Tapqaraqoyunlu kəndinə əsasən yandırıcı güllələrdən atəş açılır. Sakinlərin sözlərinə görə, ermənilərin məqsədi yerli əhaliyə ziyan vurmaqdır. Bunun nəticəsidir ki, son 20 gündə kənddəki evlərdən birinin dam örtüyü və 1 yardımçı bina ermənilərin açdığı atəş nəticəsində tamamilə yanıb.
Atışma baş verdiyi saatlarda Goranboy rayon icra hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri də kəndə gəlib. Ümumilikdə isə atışma nəticəsində 50-dən çox evə ziyan dəyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: