TAP layihəsinin sazişi fevralın 13-də imzalanacaq
03 Fevral 2013 Bazar 13:35
Yunanıstanın xarici işlər naziri bu haqda açıqlama verib.
Yunanıstan, İtaliya və Albaniya Transadriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisinə dair hökumətlərarası sazişi bu il fevralın 13-də Afinada imzalanacaq. ANS PRESS-in “Fondsk”ya istinadən vediyi məlumata görə, bu haqda Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos açıqlama verib. Yunanıstan xarici işlər naziri bunu Almaniyada keçirilən Münhen Təhlükəsizlik konfransı kuluarlarında Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşdən sonra açıqlayıb.
TAP vasitəsilə Qərbi Avropaya məhz Azərbaycan qazının nəql olunması planlaşdırılır. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq. Layihənin səhmdarları- İsveçrənin "Axro" (42.5%), Norveçin “Statoil” (42.5%) və Almaniyanın “E.ON Ruhrgas” (15%) şirkətləridir.
Plana əsasən, qaz kəməri Yunanıstanın Komotini şəhərindən Albaniyaya, daha sonra isə Adriatik dənizin dibi ilə İtaliyanın Brindzi limanına keçəcək.
Məlumata görə, Yunanıstan, İtaliya və Albaniya arasında razılaşmanın detallarına dair danışıqlar hələlik yekunlaşmayıb. Bu razılaşmanın imzalanmasında Azərbaycan hökuməti nümayəndəsinin də iştirakı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: