Taner Yıldız: "Azərbaycanla bağlı heç bir problemimiz yoxdur”
30 Yanvar 2010 Şənbə 22:30
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız qaz alqı-satqısı ilə bağlı məsələyə münasibət bildirib
Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri son günlər Azərbaycanla -Türkiyə arasında qaz alqı-satqısı ilə bağlı yaranan anlaşılmazlıqlara münasibət açıqlayıb. Maraqlıdır ki, iki ölkə arasında yaranan anlaşılmazlıq "Nabukko" layihəsinin gələcəyi ilə bağlı məsələni gündəmə gətirib. Bəzi ekspertlərin fikrincə, regionda qaz alqı-satqısı ilə bağlı baş verən anlaşılmazlıqlar nəticəsində layihə öz əhəmiyyətini itirə bilər.
Qeyd edək ki, Davosda ümumdünya iqtisadi forumuna qatılan prezident İlham Əliyev də "Nabukko" qaz kəmərinin tikintisinin ləngiməsindən narahatlıq ifadə edib. Dövlət başçısı bu layihə üzrə cavabsız sualların olduğunu bildirib. “Layihənin icrasının, qazın nəqli, paylanması və qiymət məsələsinin hansı qurumlar tərəfindən müəyyənləşdiriləcəyi hələlik məlum deyil”,-deyə prezident İlham Əliyev söyləyib.
“Wall Street Journal” qəzetinə müsahibəsində isə prezident 'Nabukko” layihəsi yubanarsa, Azərbaycanın Rusiyanın “Qazprom' şirkətinə daha çox qaz satacağını deyib.
Prezident İlham Əliyev Azərbaycan qazının ən böyük alıcısı olan Türkiyə ilə iki illik qiymət mübahisəsinin də Avropa Birliyinə qaz ixracının genişləndiriməsini ləngitdiyini deyib. “Türkiyənin Azərbaycandan aldığı qazın qiyməti qənaətbəxş deyil, ona görə də biz bu şərtlərlə irəli addım ata bilmirik”,-deyə İlham Əliyev bidirib.
Qeyd edək ki, Türkiyənin kütləvi informasiya vasitələri ötən gün Azərbaycanın dövlət başçısının bu açıqlamasını az qala şok xəbər kimi təqdim edirdilər. Bu xəbər türk mediasında “İlham Əliyevdən şok açıklama”, “Azərbaycandan Türkiyəyə qaz qiyməti təzyiqi” kimi başlıqlarla yayımlanırdı. Əslində Türkiyənin kütləvi informasiya vasitələri guya İlham Əliyevin “Türkiyənin Azərbaycan təbii qazı üçün ödədiyi qiymətin aşağı olduğunu bildirərək” biz bu şərtlərlə davam edə bilmərik şəklində yayımlamışdılar, halbuki Azərbaycanın dövlət başçısı “bu şərtlərlə irəli gedə bilmirik” deyə açıqlama verib.
İlham Əliyevin açıqlamasına bu gün Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da münasibət bildirib. O, texniki baxımdan Azərbaycanın dövlət başçısına səhv məlumatların verildiyini ehtimal etdiklərini deyib. “2008 - ci ilin 12 aprelindən bu günə qardaş ölkə Azərbaycandan aldığımız qazın bütün fərqlərini verməyə hazırıq. Əvvəlcədən eyni sözləri söyləyirik. Məqbul şərtlərlə müəyyən olunacaq qiymətin tərəfdarıyıq. Bu səbəbdən də qazı məqbul hesab etdiymiz qiymətlərlə alacağımızı bildirdik. Azərbaycanla bağlı heç bir problemimiz yoxdur”, - deyə Taner Yıldız qeyd edib.
Xatırladaq ki, Azərbaycan Türkiyəyə qaz ixracına 2007-ci ilin aprelindən başlayıb. Həmin vaxt qiymət 120 dollar civarında müəyyənləşdirilsə də, bir il sonra tariflərə yenidən baxılacağı ilə bağlı tərəflər arasında razılıq əldə olunub. Beləliklə də, Azərbaycan tərəfi 2008 - ci ilin aprelindən etibarən qiymətlərə yenidən baxılması ilə bağlı məsələ qaldırıb. Amma o vaxtdan danışıqlar aparılsa da, hələ də tərəflər ortaq məxrəcə gələ bilməyib. Azərbaycan qiymətlərin dünya standartlarına uyğun hesablanmasını istəsə də, Türkiyə maksimum 200 dollar üzərində dayanır və yeni razılaşma əldə olunmadığından hələ də Türkiyə Azərbaycan qazını 120 dollara alır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: