Tam razılığa gəlmək üçün hələ çoxlu sayda görüş keçirəsi olacağıq
28 Aprel 2011 Cümə Axşamı 11:06
Kayrat Sarıbay: “Güman edirəm ki, prezidentlərin zirvə görüşünə ciddi sazişlə gedəcəyik”
Bakı. Habil Süleymanov - APA. Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbayın APA-ya müsahibəsi.
- Xəzərin hüquqi statusunun hazırlanması ilə məşğul olan müştərək işçi qrupun sayca 28-ci iclası başa çatıb. Tərəflər tərəqqinin olduğunu deyirlər. Bununla bərabər yekun saziş bu günə kimi imzalanmayıb və nə zaman imzalanacağı da bəlli deyil. Bu baxımdan siz başa çatmış danışıqların Bakıdakı raundunu neçə dəyərləndirirsiniz?
- Danışıqlar konstruktiv məcrada keçdi. Dövlət başçılarının son Bakı sammitində verdikləri göstəriş və tapşırıqlar icra olunur. Təbii ki, hər bir ölkə öz milli maraqlarının keşiyindədir. Amma tərəflər arasında ümumi dil axtarılıb tapılır. Burada çoxlu nüans və həssas məqam var, çünki söhbət Xəzər dənizinin taleyini müəyyən edəcək beynəlxalq qanunverici bazadan gedir. Deyə bilərəm ki, tərəflərin mövqeləri yaxınlaşıb. Bununla bərabər güman edirəm ki, tam razılığa gəlmək üçün hələ çoxlu sayda görüş keçirəsi olacağıq.
- İşçi qrupun iclasında çıxış edən bəzi ölkələrin rəsmiləri cari ilin sonuna kimi yekun bir qərara gəlməyə çalışacaqlarını söylədilər. Neçə düşünürsünüz, prezidentlərin növbəti zirvə görüşündə Xəzərin hüquqi statusuna dair konvensiyanı imzalamaq mümkün olacaqmı?
- Məlum olduğu kimi, Xəzəryanı dövlət başçılarının növbəti sammiti Rusiyada olacaq və bu barədə ümumi bir razılaşma var. Həmçinin konvensiya layihəsi üzərində işin sürətləndirilməsi niyyəti də ümumilikdə bəyənilib. Əmin ola bilərsiniz ki, Qazaxıstan bu istiqamətdə maksimum səy göstərəcək. Buna görə indi biz işçi qrupun Moskvada keçiriləcək növbəti iclasının gündəliyini müəyyən edirik. Yəni işlər intensivləşib. Moskva görüşündən sonra Qazaxıstan hər şeyi götür-qoy etmək üçün bir daha bir araya gəlməyi təklif edəcək. Belə bir dinamika şəraitində mən güman edirəm ki, prezidentlərin zirvə görüşünə biz ciddi sazişlə gedəcəyik. Bu baxımdan mən nikbinəm.
- Təxminən 10 il öncə Azərbaycan və Qazaxıstan Xəzərin iki ölkə arasındakı akvatoriyasında dəniz dibinin bölgüsü haqda ikitərəfli saziş imzaladılar. Sonradan oxşar məzmunlu sazişləri bu ölkələr Rusiya ilə də imzaladılar. Neçə düşünürsünüz, bu cür ikitərəfli sazişlər ümumi beştərəfli sazişin əldə olunması üçün münbit zəmin ola bilərmi?
- Xəzərin hüquqi statusu bütün beş ölkə tərəfindən müştərək qaydada həll olunmalıdır. Bu həqiqəti hər bir dövlət qəbul edir. Yəni burada konsensus tələb olunur. Bununla bərabər mənə elə gəlir ki, Azərbaycan və Qazaxıstan, və yaxud Qazaxıstanla Rusiya arasında imzalanmış ikitərəfli sazişlər digər Xəzəryanı dövlətlərə ümumi dil tapmaq baxımından bir zəmin ola bilər.
DOSTLARINLA PAYLAŞ: