Şuşa və Ağdam məscidlərinin fotoları İran Ayətullahına çatdırılıb
11 Dekabr 2010 Şənbə 00:20
Ayətullah Lütfullah Safi Qolpayeqani: “. Ermənilərin məscidlərdə törətdikləri bəşəri prinsiplərə ziddir”
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Qum şəhərində böyük Ayətullah Lütfullah Safi Qolpayeqani ilə görüşüb. Görüşdə Azərbaycan-İran münasibətlərinin inkişafında dini əlaqələrin rolu, ölkələrimizin və xalqlarımızın ümumi maraqlarına xidmət edən hərtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Son illər Azərbaycanın əldə etdiyi uğurlar barədə məlumat verən səfir bildirib ki, ölkənin ən ucqar kəndləri də daxil olmaqla yeni məktəb binalarının tikintisi, bütün təhsil ocaqlarının kompyuter texnologiyaları və digər zəruri avadanlıqla təmin edilməsi insanların elmi səviyyəsinin daha sürətlə inkişafı üçün böyük imkanlar yaradıb: “Ölkədə infrastruktur yenidən qurulub, kənd təsərrüfatı və sənayenin ayrı-ayrı sahələri uğurla inkişaf edib. Beynəlxalq standartlar səviyyəsində səhiyyə ocaqlarının istifadəyə verilməsi əhalinin sağlamlığına göstərilən xüsusi diqqətin təsdiqidir. Bütün bunların nəticəsidir ki, işsizlik aradan qaldırlmış, əhalinin sosial rifahı sürətlə yaxşılaşmış, pul gəlirləri artmışdır. İslam əxlaqının, milli mənəvi dəyərlərin qorunması istiqamətində dövlət orqanları tərəfindən təxirəsalınmaz tədbirlər görülməkdədir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ərazisində 1500-ə yaxın yeni məscid tikilmiş və əsaslı təmir edilib, pirlər, ziyarətgahlar, ibadət yerləri dövlət vəsaiti hesabına təmir olunub. Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, insanların azad etiqadına təminat verilmiş və hərtərəfli azad ibadət şəraiti yaradılıb. Lakin İran ilə yaxşı münasibətlərdə olan Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirdiyi təcavüzü davam etdirməkdə, torpaqlarımızın iyirmi faizini işğal altında saxlamaqdadır. Bu ərazilər ermənilər tərəfindən tamamilə talan edilmiş, qəbiristanlıqlar, pirlər, ziyarətgahlar təhqir olunub, məbədlər öz tarixi formasından çıxarılıb, məscidlər tar-mar edilib və təhqirlərə məruz qalıb. Bütün bunlar azmış kimi, ermənilər Şuşa və Ağdam şəhərindəki məscidlərdən tövlə kimi istifadə edirlər”.
Ağdam şəhərindəki məsciddən tövlə kimi istifadə edildiyini təsdiq edən orijinal fotolar Ayətullah Qolpayeqanini məyus edib. Səfir xahiş edib ki, İran ruhaniləri, din xadimləri ermənilərin bu hərəkətinə etiraz səslərini ucaltsınlar, Azərbaycanın səsinə səs verib, xalqımızla həmrəyliklərini bildirsinlər. Ermənilərin məscidlərdə törətdikləri təhqirlərə etirazını bildirən Ayətullah Qolpayeqani belə bir hərəkətin bəşəri prinsiplərə zidd olduğunu vurğulayıb. Azərbaycanın sürətli inkişafını diqqətlə izlədiyini qeyd edən Ayətullah Qolpayeqani bildirib ki, o, Azərbaycandan gələn zəvvarları mütəmadi olaraq qəbul edir, Qumda təhsil alan azərbaycanlı tələbələrin problemləri ilə yaxından maraqlanır. O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin respublikada keçirilən dini tədbirlərdə yaxından iştirak etməsi dindarları daha da ruhlandıracaq, onlar ölkə rəhbərliyi ətrafında daha sıx birləşəcəklər.
Qarabağ həqiqətlərinə, o cümlədən Xocalı faciəsinə həsr olunmuş kitabları və broşürləri Ayətullah Qolpayeqaniyə təqdim edən səfir, həmçinin Bibiheybət məscidinin yağlı boya ilə çəkilmiş tablosunu ona hədiyyə edib.
DOSTLARINLA PAYLAŞ: