Şuşa bu cür işğal edilib
07 May 2014 Çərşənbə 00:22
Şuşa bu cür işğal edilib. Erməni general Arkadi Ter-Tadevosyan bəzi məqamları açıqladı.
Şuşanın işğalına rəhbərlik etmiş erməni hərbçi, general-mayor Arkadi Ter-Tadevosyan Azərbaycanın bu qədim şəhərini hərbi qanunlarla ələ keçirməyin qeyri-mümkün olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, Şuşanın işğalı barədə çəkilmiş sənədli filmdə danışan Arkadi Ter-Tadevosyan ilk dəfə olaraq şəhərin alınmasında iştirak etmiş erməni döyüşçülərin sayını 2 min artırıb.

Buna qədər ermənilər şəhərə hücumda cəmi 1800 erməni döyüşçünün iştirak etdiyini desə də, Arkadi Ter-Tadevosyan 3800 döyüşçü ilə hücuma keçdiklərini bildirib. “Bilirsiz, Şuşa kimi yerləri almaq üçün hücum edən ordu 3 dəfə çox olmalı idi. Azərbaycanlıların şəhərdə 2 min 500 döyüşçüsü var idi. Ona görə də bizim sayımız 7 500 - 10 000 arasında dəyişməli idi. Bizimsə, cəmi 3 min 800 döyüşçümüz vardı”, - deyə erməni general vurğulayıb.

Amma regiondan kənar müstəqil ekspertlərin yazdığına görə, əslində Şuşada qüvvələr nisbəti ilk başdan 22:1-ə olub. Şəhəri mühasirəyə alan erməni döyüşçülərin sayı 11 minə qədər çatıb, Şuşada isə cəmi 500 hərbçi olub. Elə erməni mənbələrin yazdığına görə, şəhəri müdafiə edənlərə iki komandir - azərbaycanlı Elburus Orucov və çeçen səhra komandiri Şamil Basayev rəhbərlik edib. Lakin elə həmin erməni mənbələr də bildirir ki, şəhərə hücumdan bir gün qabaq Şamil Basayevin rəhbərlik etdiyi çeçenlər Şuşanı tərk ediblər. Beləliklə, ermənilər şəhərə hücum edən zaman şəhərdə cəmi 300 azərbaycanlı döyüşçü qalıb.

Arkadi Ter-Tadevosyan, Valeri Çitçyan, Arkadi Karapetyan, Samvel Babayan, Seyran Ohanyan, Jirayr Sefilyan, Qurgen Dalibaltyan və Razmik Melkumyanın rəhbərlik etdiyi 11 minlik ordu şəhərə hücum edib və təbii ki, iki günlük ağır döyüşlərdən sonra şəhəri alıblar. Şuşanın işğalı nəticəsində ermənilər tərəfindən şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Lakin filmdə danışdığı xatirələrində Arkadi Ter-Tadevosyan ermənilərin şəhəri çox böyük itkilər hesabına ələ keçirdiyini bildirib. “İtkilər barədə eşidəndə mən çox kədərləndim. Şəhəri ələ keçirdiyimizə görə çox sevinsək də, itkilərimiz barədə eşidəndə sevincimin üstünə su səpildi. Bilmirdim sevinim, yoxsa dərd çəkim”, - deyə Ter-Tadevosyan vurğulayıb.

Ter-Tadevosyanın kədəri sonrakı planlarının puça çıxması ilə bağlı idi. Məsələ bundadır ki, sovet ordusunun “Komandos” ləqəbli zabiti olan Gürcüstan ermənisi Arkadi Ter-Tadevosyan Əfqanıstanda, Çexoslavakiyada, Almaniyada və s. strateji xarici ölkələrdə hərbi xidmət gördükdən sonra sovet rəhbərliyi tərəfindən Ermənistana qaytarılıb. 1987-ci ildən başlayaraq Ermənistan üçün peşəkar ordu hazırlığına başlayan komandanın tərkibində olub. Əsas təlimlər Gürcüstandakı Vaziani poliqonunda aparılıb. Bu sətirlərin müəllifinin həmin dövrlərdə Ermənistanda yaşayan və hərbi rütbəsi kapitan olan atası da 1987-ci ilin avqust ayında mexaniki səhv ucbatından həmin təlimlərə çağırılmışdı. Təlimlər istisna olaraq erməni dilində aparılırmış və siyasi rəhbərlər tezliklə SSRİ-nin dağılacağını bildirirlərmiş. Onların dediyinə görə, Moskvanın yaratmağı planlaşdırdığı 80 minlik erməni ordusu Qarabağı, Naxçıvanı və Gəncə-Qazax bölgəsini Azərbaycandan qoparmalı idi. Azərbaycanın həmin vaxt heç bir hazırlığı yox idi və ermənilər qəfil hücumlarla qələbəni asan təmin edəcəklərini düşünürdülər.

Lakin göründüyü kimi, ermənilərin planı cüzi həyata keçib və bu məsələdə Şuşada öz başına, komandirsiz döyüşmüş 300 azərbaycanlının göstərdiyi qəhrəmanlığın böyük rolu var. Deyilənə görə, şəhərə hücum edən erməni ordusu minlərlə əsgərini itirib və peşəkar hərbçi olan Arkadi Ter-Tadevosyan nəzərdə tutulan digər əraziləri ələ keçirməyin çox çətin olacağını anlayıb. Azərbaycan xalqı Şuşada sırf vətənpərvərlik instiktinə əsaslanaraq döyüşən 300 qəhrəman azərbaycanlının xatirəsini heç zaman unutmayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar