Suriyada qalan azərbaycanlı uşaqların taleyi necə olacaq?
28 Mart 2014 Cümə 21:09
Suriyadan ölüm xəbəri gələn hər bir ailədə, həm də orda başsız qalan uşaqlar üçün göz yaşı töküldüyünün şahidi oluruq.
Suriyaya döyüşməyə gedən azərbaycanlıların tez-tez öldüyü xəbərini alırıq. Həmyerlilərimiz döyüşlərdə ölldürüləndən sonra uşaqlarının başsız qalması da ayrı bir faciədir. Suriyadan ölüm xəbəri gələn hər bir ailədə, həm də orda başsız qalan uşaqlar üçün göz yaşı töküldüyünün şahidi oluruq. Təkcə ANS-ə bu problemlərlə bağlı müraciət edənlərin statistikasını aparsaq, orda bir və ya hər iki valideynini itirən 20-dən çox uşağın olduğunu görərik. Təssüf ki, döyüşə gedənlərin statistikası aparılmadığı üçün həqiqi rəqəmləri sizə göstərə bilmirik.
Götürək elə iki gün öncə Suriyada öldürülən Sumqayıt şəhər sakini Avropa Çempionu Ceyhun Bayramovun bacısının uşaqlarını. Döyüşlərə əri və iki uşağı ilə qatılan Türkan Bayramova indi iki uşağı ilə Suriyada təkbaşına qalıb. Həm əri, həm də qardaşı döyüşlərdə öldürülüb. Suriyada qalan uşaqlardan biri 1 yaşlı, digəri isə 4 aylıqdır.
Masallı rayon sakini Qurbanəli Vəlişovun da hazırda 3 qız, ikisi oğlan olmaqla, 5 nəvəsi Suriyadadır.
Xaçmazın Armudpadar kənd sakinləri, iki bacı Könül və Çiçək Niftəliyevalar da övladları ilə birlikdə Suriyaya gedənlər siyahısındadır. Qizlarından əllərini üzən ata-ananı isə yalnız 4 nəvəsinin taleyi narahat edir.
Bunlar hələ yalnız bizim göstərə bildiklərimizdir. ANS-in kamerasına dərdini danışan valideynlərin halından aydın görürük ki, onlar Suriyaya gedən uşaqlarını, nəvələrərini qaytarmaqda acizdirlər. Bu məsələ də onlara beynəlxalq təşkilatlarla yanaşı, həm də dövlət dəstəyi lazımdır. Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi onlara köməklik etmək istəyir.
Suriyada müharibədən bu gün ən çox əziyyət çəkən məhz uşaqlardır. BMT-nin hesablamalarına görə, döyüşlərdə 11 mindən çox uşaq dünyasını dəyişib, bir çoxu isə acından ölüb. Suriyada qaçqın düşərgələrindəki uşaqların çoxu isə valideynsizdir. Təəssüf ki, azərbaycanlı uşaqların hansı düşərgələrdə olması da bu gün qaranlıqdır. Lakin o uşaqların sabahını qaranlıq etməmək üçün, onları geri gətirməyin yolları tapılmalıdır.
DOSTLARINLA PAYLAŞ: