“Suriya Dağlıq Qarabağ probleminin mürəkkəbləşməsini istəmir”. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan Suriya prezidenti Bəşər Əsəd həmkarı Serj Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
O, Dağlıq Qarabağ münaqişəsinin çətin problem olduğunu bildirib: “Əlbəttə, bu, çətin problemdir, amma biz vəziyyətin mürəkkəbləşməsini istəmirik. Çünki Yaxın Şərqdəki təcrübədən bilirik ki, bu halda məsələnin həlli də çətinləşir”. B. Əsəd Azərbaycana səfəri ərəfəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövqeyini öyrənmək istədiyini vurğulayıb.
Suriya prezidenti Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş addımları məmnuniyyətlə qarşıladıqlarını da bəyan edib: “Mən Ermənistan prezidentinə bu istiqamətlə irəliləyişlərə kömək etməyə hazır olduğumuzu söylədim”. B. Əsəd ölkəsinin həm Türkiyə, həm də Ermənistanla sıx əlaqələrə malik olduğuna diqqət çəkib.
APA