Sülh müqaviləsi hazır olanda son qərarı Azərbaycan xalqı verəcək
13 İyul 2011 Çərşənbə 00:24
Azərbaycan Prezidenti Qarabağ danışıqlarının mahiyyəti barədə ictimaiyyətə ətraflı məlumat verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən son danışıqlar haqqında ictimaiyyətə məlumat verib. Dövlət başçısı bəyan edib ki, danışıqlar uzun illərdir ki gedir və tərəflər danışıqların demək olar ki, həlledici mərhələsindədirlər.
Prezident bildirib ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının son birgə bəyanatı çox ümidvericidir və rəsmi Bakıda məmnunluq hissləri doğurur: “Çünki o bəyanatda Helsinki Yekun Aktının müddəalarına istinad edilib. Helsinki Yekun Aktı münaqişənin həlli üçün əsas kimi göstərilib. Orada ölkələrin ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratını müəyyən etmə prinsipləri ilə ziddiyyət təşkil etmir və münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunması məsələləri də açıq-aydın göstərilir. İkinci vacib məqam ondan ibarətdir ki, o bəyanatda və ondan sonrakı bəyanatlarda deyilib ki, yaranmış status-kvo dəyişdirilməlidir, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, status-kvonun dəyişdirilməsi mütləq Azərbaycan torpaqlarının işğal altından çıxmasını təmin edəcək. Çünki Ermənistan tərəfi son 20 il ərzində çalışıb və çalışır ki, status-kvo dəyişməz olaraq qalsın və beləliklə, vəziyyətdə heç bir dəyişiklik edilməsin”.
Dövlət başçısının fikrincə, üçüncü vacib məqam bütövlükdə Minsk qrupunun həmsədr ölkələrinin bu məsələ ilə bağlı fəallığıdır: “Bu fəallığı biz görürük, ictimaiyyət də bunu bilir. Kazan görüşü ərəfəsində mənim Amerika Prezidenti cənab Obama ilə telefon söhbətim olub. Kazan görüşü ərəfəsində Fransa Prezidenti cənab Sarkozi mənə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktub göndərib. Kazan görüşü, bildiyiniz kimi, Rusiya Prezidenti cənab Medvedevin təşəbbüsü ilə keçirilib. Görüşdən sonra ABŞ dövlət katibi xanım Klinton mənə məktubla müraciət edib və ondan sonra mənim xanım Klintonla telefon söhbətim olub. Kazan görüşündən sonra xarici işlər nazirimiz Fransa xarici işlər naziri ilə görüş keçirib və nəhayət, Prezident Medvedev öz xarici işlər nazirini Bakıya göndərib və Prezident Medvedevin məktubunu mənə təqdim edib. Yəni, bu faktların sadəcə olaraq, sadalanması onu göstərir ki, fəallıq doğrudan da yüksək həddə çatıb və bu, bizi həm çox sevindirir, həm də ruhlandırır. Çünki biz ümid edirik ki, bu fəallıq real nəticələrə gətirib çıxaracaq. Biz görürük ki, həmsədr ölkələr indi çox çalışırlar ki, baza prinsipləri tezliklə razılaşdırılsın və beləliklə, sülh müqaviləsinin hazırlanması üçün şərait yaradılsın. Biz də bunu istəyirik, bəlkə də hamıdan daha da çox. Çünki bu, bizim torpaqlarımızdır və erməni işğalçıları torpaqlarımızı 20 ilə yaxındır ki, işğal edibdir. Yəni, məsələnin həllində ən maraqlı tərəf Azərbaycandır”.
Prezident İlham Əliyev danışıqların son mərhələləri haqqında bəzi reallıqları da Azərbaycan ictimaiyyətinə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan bütün dövrlərdə maksimum dərəcədə konstruktivlik nümayiş etdirib: “2004-cü ildən Praqa prosesi adlandırılan bir danışıqlar formatı yaranmışdır və bu proses çətinliklə olsa da, irəliyə gedir və çətin olan məsələlər haqqında fikir mübadiləsi, danışıqlar aparılaraq bəzi vacib məsələlər razılaşdırılıb. Praqa prosesinin davamı olaraq, tərəflərə Madrid prinsipləri təqdim edilib. Bu prinsiplər bir neçə abzasdan ibarət idi və çox ümumi xarakter daşıyırdı. Azərbaycan çox kiçik istisnalarla o prinsipləri bütövlükdə qəbul etmişdir. Bu prinsiplər əsasında 2009-cu ilin sonuna qədər Minsk qrupunun həmsədrləri, yəni üçü birlikdə, mən bunu xüsusilə vurğulamaq istəyirəm, Amerika, Fransa və Rusiya hər iki tərəfə yenilənmiş Madrid prinsiplərini təqdim edib. Bu, 2009-cu ilin sonunda idi. 2010-cu ilin əvvəlində, daha doğrusu, yanvar ayında Rusiya Prezidenti cənab Medvedev Ermənistan və Azərbaycan prezidentlərini Soçiyə dəvət edib və orada üçtərəfli görüş keçirilib. O görüşdə Azərbaycan birmənalı şəkildə bildirib ki, yenilənmiş Madrid prinsiplərini qəbul edir. Bir daha demək istəyirəm ki, bu prinsipləri biz yazmamışdıq. Bu prinsipləri biz, necə deyərlər, icad etməmişdik. Bu, Amerika, Fransa və Rusiyanın birgə təqdim etdikləri və uzun illər üzərində çalışdıqları prinsiplər idi. Ermənistan tərəfi bu prinsipləri qəbul etmədi və ondan sonra, demək olar ki, danışıqlarda müəyyən durğunluq yaranmışdı. Çünki növbəti görüş altı aydan sonra, 2010-cu ilin iyun ayında Sankt-Peterburqda keçirilib”.
Dövlət başçısı yenilənmiş Madrid prinsipləri nədən ibarət olduğunu da açıqlayıb: “Mən hesab edirəm ki, bu barədə heç bir şübhə və anlaşılmazlıq olmamalıdır. Mən hesab edirəm ki, vaxt gəlib çatıb, bu barədə biz açıq danışmalıyıq. İlk növbədə, orada işğal edilmiş torpaqlardan Ermənistan işğalçı qüvvələrinin çıxarılması nəzərdə tutulurdu. Beş rayondan dərhal, iki rayondan beş ildən sonra Ermənistan qoşunlarının çıxarılması və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına qayıtması nəzərdə tutulurdu. Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi də o təkliflərdə var idi. Dağlıq Qarabağla Ermənistan arasında olan dəhlizin fəaliyyət göstərməsi də o prinsiplərdə var idi. Bölgəyə həm Ermənistan, həm Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün sülhməramlı qüvvələrin gətirilməsi zəruri idi. İşğaldan əziyyət çəkmiş bütün insanların əvvəlki məskunlaşma yerlərinə qayıtması da təmin edilməli idi. Bax, qısaca desək, bu prinsiplər bundan ibarət idi. Ermənistan ilə Dağlıq Qarabağı birləşdirəcək dəhlizin parametrləri də o prinsiplərin tərkib hissəsi idi. Mən hesab edirəm ki, bu variant qəbul edilə bilər. Əlbəttə ki, bu, baza prinsipləridir. Bunun əsasında danışıqlar aparılmalıdır və danışıqların sonunda sülh müqaviləsi hazırlanmalıdır. Əlbəttə ki, sülh müqaviləsi hazır olanda son qərarı Azərbaycan xalqı verəcək”.
Prezidentin sözlərinə görə, danışıqların davam etdirilməsi üçün həmsədr ölkələr tərəfindən irəli sürülmüş yenilənmiş Madrid prinsipləri qəbul oluna bilərdi. Amma Ermənistan tərəfi bu prinsipləri qəbul etməyib, onlardan imtina edib və nəticədə danışıqlar prosesində 2010-cu ilin ortalarına qədər durğunluq yaranıb. Bundan sonra yeni təkliflər verilməyə başlanıb. İlham Əliyevin sözlərinə görə, bəzi hallarda bu təkliflər danışıqların mahiyyətinə və son yeddi il ərzində aparılan danışıqların əsas prinsiplərinə dəyişiklik edib: “Ona görə biz indi yeni vəziyyətlə üzləşirik. Bir daha demək istəyirəm ki, Azərbaycan danışıqların konstruktiv şəkildə aparılmasında maraqlıdır. Azərbaycan 2009-cu ildə və 2010-cu ilin əvvəlində öz niyyətini göstərmişdir. Bir daha göstərib ki, sülh danışıqlarına sadiqdir və bu danışıqlar mütləq sülh müqaviləsinə gətirib çıxarmalıdır. Biz danışıqları sadəcə olaraq, danışıqlar üçün aparmırıq. Yaxud da ki, imitasiya və görüntü yaratmaq naminə aparmırıq. Burada Azərbaycan ilə Ermənistan arasında fərq kifayət qədər böyükdür. Ermənistan daim çalışır ki, status-kvo dəyişməz olaraq qalsın və guya ki, onlar danışıqlarda iştirak edirlər və konstruktivlik nümayiş etdirirlər. Halbuki bütün dövrlərdə çalışıblar ki, danışıqlar prosesini pozsunlar. Azərbaycan isə birmənalı şəkildə öz konstruktivliyini göstərib. Bu gün də göstərməyə hazırdır, bax, o dediyim prinsiplər əsasında. Bütün Azərbaycan vətəndaşları hazırda işğal edilmiş ərazilərə qayıtmalıdırlar. Ondan sonra sülh yarana bilər. Ondan sonra əməkdaşlıq ola bilər. O ki qaldı Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsinə, 2009-cu ilin prinsiplərində göstərilib ki, bu, gələcəyin məsələsidir və tərəflər razı olduğu təqdirdə bu məsələ öz həllini tapa bilər. Yəni ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın heç bir hüquqi statusu ola bilməz. Məhz ona görə mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılması, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da Ermənistana birləşməsi heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Nə Azərbaycan rəhbərliyi, nə Azərbaycan xalqı heç vaxt bunu qəbul etməyəcək”.
“Yenə də demək istəyirəm ki, bütün bu məsələlərin sadalanması bir daha bütün dünyaya Azərbaycanın xoş niyyətini göstərir və biz danışıqlarda həmişə konstruktivlik nümayiş etdirmişik. İndiki mərhələdə bütün dünya bu məsələyə çox böyük diqqət göstərir. Avropa İttifaqı. Avropa İttifaqına da mənim bu yaxınlarda səfərim olub. Səfər bütövlükdə çox uğurlu olub. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi üçün bu səfərin çox böyük əhəmiyyəti olub. Ən önəmlisi, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığın istiqamətlərinin düzgün seçilməsi üçün bu səfər çox əhəmiyyətli idi. Mən hesab edirəm ki, biz gələcək birgə əməkdaşlıq haqqında mövqelərimizdə kifayət qədər yaxınlıq hiss edirik və elə də olmalıdır. Çünki biz Avropa İttifaqı ilə uzunmüddətli əməkdaşlıq etmək fikrindəyik. Ona görə, hər bir məsələ açıq-aydın göstərilməlidir. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə edilmişdir.
Yenə də deyirəm, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərlərinin məktubları, telefon zəngləri - bu fəallıq və bütün bu fəallığın, bu müsbət ab-havanın olduğu təqdirdə Ermənistan rəhbərliyinin bu yaxınlarda verdiyi çox qeyri-adekvat, cəfəng, isterik bəyanatlar danışıqlar prosesinin ruhuna ziddir. Biz çalışırıq ki, bu imkanı əldən verməyək. Biz çalışırıq ki, indiki mərhələdə addımları elə ataq ki, tezliklə baza prinsiplərini razılaşdıra bilək”, - Prezident İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, Ermənistan tərəfi isə tam əksinə edir. Belə ki, Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatları onların niyyətini göstərir: “Onlar əslində bizi müharibə ilə hədələyirlər. Bizə qarşı müharibə aparan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan, Xocalı soyqırımını törədən vəhşilər indi yenə də Azərbaycanı müharibə ilə hədələyirlər. Özləri müharibədən qorxa-qorxa, əsə-əsə bizi müharibə ilə hədələyirlər. Bəlkə də son aylar ərzində yaşanan bu beynəlxalq fəallığın səbəblərindən biri də ondan ibarətdir ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu güclü dövlətdir və güclü ordudur. Hamı bilir, o cümlədən yoxsulluq içində çabalayan, xarici ianələr ilə yaşayan Ermənistan bilir ki, Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Biz inkişaf edirik, güclənirik, xalqımız varlanır, ölkəmiz güclənir, onlar isə aclıq içindədir. Son altı ay ərzində 70 min erməni ölkəni birdəfəlik tərk edib. 5-10 ildən sonra orada 1 milyondan az erməni qalacaqdır. Yəni, hamı başa düşür ki, proseslər bu istiqamətdə gedir. Azərbaycanın maliyyə imkanları, siyasi çəkisi artır, regional vəziyyəti möhkəmlənir, ordu güclənir, demoqrafik göstəricilər yüksəlir. Bizim əhalimiz artır, onların əhalisi azalır. 5-10 ildən sonra bizim əhalimiz olacaq 11 milyon, onların əhalisi olacaq 1 milyon. Bunun nə demək olduğunu hamı yaxşı başa düşür”.
İlham Əliyev deyib ki, Azərbaycan məsələni bu yollarla öz xeyrinə həll edə bilər: “Ona görə bu fəallığın səbəblərindən biri də məhz ondan ibarətdir ki, tezliklə məsələ həll olunsun. Biz bunu istəyirik. Ancaq yenə də deyirəm, Minsk qrupunun özünün verdiyi təkliflər əsasında. Bu, danışıqların elə bil ki, son durumudur. Hazırda biz gələcək planlar haqqında düşünməliyik. Minsk qrupu bölgəyə yenidən gəlməlidir. İndi vəziyyət bundan ibarətdir. Mən istərdim ki, həm məsələnin tarixi, həm indiki vəziyyəti və ən önəmlisi Ermənistanın yenə də bu sülh prosesini pozmaq istəkləri həm Azərbaycan, həm də dünya ictimaiyyəti üçün aydın olsun”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: