Strasburq meriyasının qarşısında dövlət bayrağımızın qaldırılması mərasimi keçirilib.
Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədrliyinə başlaması münasibətilə Strasburq meriyasının qarşısında dövlət bayrağımızın qaldırılması mərasimi keçirilib.
Mərasimi açan şəhər merinin müavini Jan-Jak Qsel bildirib ki, Avropanın rəmzi paytaxtı hesab edilən Strasburq şəhəri dəfələrlə AŞ-yə üzv olan müxtəlif ölkələrin Nazirlər Komitəsinin sədrliyinə başlaması ilə bağlı bayraq qaldırılma mərasimi kimi yaddaqalan hadisələrin şahidi olub. Özünəməxsus tarixə, müxtəlif dinlərə və mədəniyyətə malik olan üzv ölkələrin fəaliyyətində AŞ-nin əsas prinsipləri - demokratiya, insan haqları və qanunun aliliyi mühüm rol oynayır.
Nazirlər Komitəsinə sədrliklə bağlı ilk tədbirin Strasburqda 1949-cu il avqustun 8-də keçirildiyini xatırladan Jan-Jak Qsel sədrliyi Azərbaycana təhvil verən Avstriyanın AŞ-yə üzv olduğu müddətdə altı dəfə Nazirlər Komitəsinə sədrlik etdiyini diqqətə çatdırıb, Avstriya ilə Strasburq arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Azərbaycanın ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başladığını xüsusi vurğulayan Jan-Jak Qsel Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfərinin ölkələrimiz arasında siyasi dialoqun və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi məqsədini daşıdığını bəyan edib.
AŞ baş katibinin müavini xanım Qabriella Battani-Draqoni çıxışında bayraq qaldırılması mərasiminin bir növ Avropanın güclü simvoluna çevrildiyini, sədrlik dövründə Avstriyanın fikir azadlığı, jurnalistlərin təhlükəsizliyi, insan hüquqları, korrupsiyaya və qadın zorakılığına qarşı mübarizə istiqamətində müəyyən işlər gördüyünü, AŞ və Strasburq şəhəri ilə birgə əməkdaşlıq sayəsində demokratiyaya dair dünya forumunu təşkil etdiyini xatırladıb.
Azərbaycanın AŞ-yə üzv olduğu müddətdə ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başladığını diqqətə çatdıran baş katibin müavini ölkəmizin özündən əvvəlki sədrlər kimi korrupsiyaya qarşı fəal mübarizə aparacağına, AŞ-nin əməkdaşlığının zəruri tərkib hissəsi olan qonşuluq və mədəniyyətlərarası dialoq siyasətini müvəffəqiyyətlə davam etdirəcəyinə əminliyini bildirib. Çıxışının sonunda baş katibin müavini altı ay ərzində Nazirlər Komitəsinə sədrlik edəcək Azərbaycana fəaliyyətində uğurlar arzulayıb.
Avstriyanın AŞ yanındakı daimi nümayəndə heyətinin rəhbəri səfir Rudolf Lennk ölkəsinin Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə AŞ-nin prioritetləri olan demokratiya, insan haqları və qanunun aliliyi istiqamətində gördüyü işlərdən, nüfuzlu təşkilatla əməkdaşlığın möhkəmləndirilməsinə çalışdığını, Avropa ölkələrində baş verən mühüm hadisələrin həlli ilə bağlı görülən işlərdən bəhs edib.
Azərbaycanın AŞ yanındakı daimi nümayəndəlinin rəhbəri Emin Eyyubov çıxışında deyib:
“2001-ci ilin yanvar ayında AŞ-nin üzvü olduqdan sonra ilk dəfə olaraq təşkilatın əsas qərar verici qurumu olan Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürmək həqiqətən də Azərbaycan üçün mühüm hadisədir. 2014-cü ilin may-noyabr aylarını əhatə edəcək sədrlik ərzində Azərbaycan AŞ-nin fəaliyyətinin üç əsas ölçüsü – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və bu istiqamətlərdə təşkilatın atacağı addımların təşviqi ilə bağlı səylərini əsirgəməyəcək.
Azərbaycan sədrliyi şəksiz olaraq demokratiya, təhlükəsizlik və stabillik sahəsində Avropada hazırda mövcud olan və üzv ölkələrin üzləşdiyi problemlərə ciddi diqqət ayıracaq. Bu məqsədlə Azərbaycanın sədrliyi təşkilatın bütün üzv ölkələri ilə birgə gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarların qəbuluna çalışacaq. Korrupsiya ilə mübarizə Azərbaycan sədrliyinin əsas prioritetlərindən biri olacaqdır. Biz Bakıda yüksək səviyyəli konfrans təşkil etməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan etmiş AŞ-nin səylərinə töhfəmizi verəcəyik.
Mütəmadi olaraq inkişaf edən cəmiyyətlərdə mədəni fərqliliklərin idarə edilməsi bu gün Avropada ən aktual məsələlərdən birinə çevrilib. Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, birgə mövcud olduğu bir yer olub. Sədrliyi zamanı Azərbaycan mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada ayrı seçkilik və dözümsüzlüklə mübarizəyə öz töhfəsini göstərəcək.
Sədrlik dövründə səylərimiz, eyni zamanda çiçəklənən və inkişaf edən cəmiyyətlərin iki əsas ayrılmaz elementi olan gənclik və təhsil üzərində də cəmləşəcəkdir. Gənclərin öz hüquqlarından geniş istifadə imkanlarının təmin edilməsi məsələsi sədrlik dövründə diqqət mərkəzində saxlanılacaq.
May-noyabr aylarında Azərbaycanda çoxsaylı tədbirlər keçiriləcək ki, bu tədbirlərdə AŞ-yə üzv ölkələrdən çoxlu sayda nümayəndənin iştirakı nəzərdə tutulub. Həmçinin, bu müddət ərzində sədrlik tərəfindən Strasburqda da çoxsaylı mədəni tədbirlərin təşkili nəzərdə tutulur. Əminəm ki, istər Bakıda, istərsə də Strasburqda keçiriləcək bu tədbirlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti və incəsənətinin nümayiş etdirilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyacaq”.
Sonda Avstriyanın dövlət himni ilə dövlət bayrağı endirilib, dövlət himnimizin sədaları altında Azərbaycan bayrağı qaldırılıb və eyni zamanda AŞ-nin himni səslənib.