Sorğu: Azərbaycanda əhalinin 95 faizi İlham Əliyevi dəstəkləyir
22 Noyabr 2011 Çərşənbə Axşamı 12:54
Xəzər İnformasiya Mərkəzi Azərbaycanla bağlı sorğu keçirib.
Böyük Britaniyada fəaliyyət göstərən Xəzər İnformasiya Mərkəzi (Caspian Information Centre) Azərbaycanla bağlı keçirilən sorğunun nəticələrinə dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, C. Frost sorğunun Azərbaycanı tam əhatə etdiyini söyləyib.
O qeyd edib ki, sorğu 2011-ci ilin sentyabrında 1000 respondent arasında keçirilib: “Sorğuda iştirak edən respondentlərin böyük hissəsi - 95 faizi prezident İlham Əliyevi dəstəklədiyini, 96 faizi onun yürütdüyü siyasətin uğurlu olduğunu söyləyib, ona etibar etdiyini deyib. Respondentlərin 79 faizi ölkədə proseslərin yaxşı istiqamətdə getdiyini desə də, onların 40 faizi iş tapmağın çətinləşdiyi qənaətində olduğunu söyləyib. 23 faiz respondent ölkədə siyasi, 15 faiz isə iqtisadi stabilliyi vacib hesab edib. Respondentlərin 82 faizi Azərbaycanın dünyada etibarlılığının artdığını hesab edərək, bu mənada “Eurovision” yarışmasının Azərbaycanda keçirilməsinə toxunub”.
C. Frost Bakıda yaşayan respondentlərin böyük hissəsinin insan hüquqları və demokratiyaya önəm verdiyini də deyib.
“Sorğunun nəticələrinə görə, hakimiyyətə inamın bu qədər yüksək olmasına
əvvəlki təcrübənizdə rast gəlmisinizmi? Gəlmisinizsə, bu hansı ölkələrdə müşahidə olunub” sualını cavablandıran mərkəzin direktoru deyib ki, müqayisə etmək çətindir: “Çünki sorğular keçirilən ölkələrin nəticələri yadımdan çıxıb. Həm də qonşu ölkələrdə buna bənzər sorğular aparmamışıq. Lakin bu sorğunun nəticələri bizim üçün də maraqlıdır. Hər halda Avropa ölkələrində belə nəticələrlə rastlaşmaq çətin olardı. Qərbi avropalılar bu sualları bir qədər xəsis cavablandırarlar. Hər halda, nəticələr ölkə başçısına inamın göstəricisidir. Ölkədə sürətli inkişaf edir. Bu o deməkdir ki, azərbaycanlıların yaşayış səviyyəsi yaxşılaşıb”.
Mərkəzin direktoru bildirib ki, sorğunun keçirilməsindən Azərbaycan hökumətinin məlumatı olmayıb, aidiyyəti qurumlar sonradan xəbərdar edilib: “Sorğunun maliyyə xərcləri isə korporativ qurumlar tərəfindən ödənilib”.
O qeyd edib ki, Azərbaycan inkişaf etdikcə ölkəyə maraq artmaqdadır.
Mərkəzin direktoru Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanda bu səpkili sorğunun keçirilməsinə ehtiyac görmədiyini də deyib: “Hələlik bu bizim maraq dairəmizdə deyil. Lakin Dağlıq Qarabağla bağlı məsələyə toxunmamaq mümkün deyil. Gələcəkdə bununla bağlı sorğu keçirməyi nəzərdə tuturuq”.
DOSTLARINLA PAYLAŞ: