Sökülən məscidlər deyil, icazəsiz tikililərdir
08 Oktyabr 2010 Cümə 22:20
Hidayət Orucov: "Bundan sonra dini ibadət yerlərinin tikintisi yalnız komitənin rəyi əsasında həyata keçirilə bilər"
Azərbaycanda bəzi dini qurumlar xarici ölkələrin xüsusi xidmət orqanlarının tövsiyələri və istiqamətləndirilməsi ilə fəaliyyət göstərir. Bunu keçirdiyi mətbuat konfransında Dini qurumlarla iş üzrə Dövlət komitəsinin sədri Hidayət Orucov deyib. Qurum sədri Azərbaycanda dini radikalizm meyllərinin azaldığını desə də, belə təmayüllü qüvvələrin hələ qaldığını vurğulayıb. Hidayət Orucovun sözlərinə görə, bəzi dini icmalar dövlət qeydiyyatına alınmaqda maraqlı deyillər: “İndiyə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 24 dini icmanın qeydiyyatına razılıq verməyib”.

Komitə sədri ölkəyə dini əşyaların və ədəbiyyatın gətirilməsinə nəzarətin gücləndiyini deyib. Onun sözlərinə görə, ötən il 2391 adda dini ədəbiyyatın ölkəyə gətirilməsinə cəhd olunub. Onlardan 385 adda ədəbiyyat zərərli olduğundan ölkəyə buraxılmayıb.

Hidayət Orucov məscidlərin sökülməsi ilə bağlı sualları da cavablandırıb. O, ölkədə məscidlərin deyil, icazəsiz, qeyri-qanuni tikililərin söküldüyünü bildirib: “Bundan sonra dini ibadət yerlərinin tikintisi yalnız komitənin rəyi əsasında həyata keçirilə bilər”.

Məscidlərdə qoyulmuş nəzir qutuları ilə bağlı məsələyə də münasibət bildirən qurum sədri bunun Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyət dairəsində olduğunu deyib. “Amma Qafqaz Müsəlmanları İdarəsi nəzir qutularının hamısına nəzarət edə bilmir. Bu məsələnin tənzimlənməsinə başlanıb. Bir qədər sonra bununla bağlı daha müfəssəl məlumat verilə biləcək. Yəqin ki, ziyarətgahlar da dini icmalar kimi fəaliyyət göstərəcək və icmalar tərəfindən nəzarət ediləcək”,- deyə Hidayət Orucov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar