Şok: Bakıda pulsuz taksi işləyir
06 Aprel 2012 Cümə 16:22
59 yaşlı Cəmaləddin Qarayev bəzi sərnişinlərdən pul almır
İstər köhnə, istər təzə Bakı taksi sarıdan kasadlıq çəkmir. Amma müştəri sarıdan qıtlıq yaşanır. Çünki kimin işi yoxdursa, taksi xidmətilə məşğul olur. Az-çox taksidən istifadə edənlər var. Taksiyə mindinsə əlin cibində olmalıdır. Düzdür, bəzən taksi sürücüsü ilə gediş haqqı üçün bazarlıq da edirik. Könüllü olaraq sərnişindən pul istəməyən taksi sürücüsünə yəqin heç kəs rast gəlməyib. Bu ilk baxışda qeyri-adi görünsə də hazırda paytaxtda pulsuz işləyən taksi var. Şəxsi avtomobililə taksi işlədən 59 yaşlı Cəmaləddin Qarayev bəzi sərnişinlərdən pul almır. Özü də avtomobilinin üzərinə 3 dildə - Azərbaycan, rus və ingilis dillərində xüsusi elan da vurub.

"Hamilə qadınlar və yanında 1 yaşına qədər uşaqlı olan sərnişinlər 90xt 984 nömrə nişanlı avtomobildən pulsuz istifadə etmək hüququ qazanırlar".

“Hamilə qadınlardan, 1 yaşa qədər uşaqlı sərnişinlərdan pul almıram. Çünki insan xeyriyyəçilik edəndə yüngülləşir”, - deyə Cəmalədidn Qarayev deyib.

Cəmallədin dayı deyir ki, həmişə beynində kiməsə xeyr vermək istəyi olub. Hətta bir müddət uşaq evindən 50 kimsəsiz uşaq götürüb saxlamaq da istəyib. Amma maddi imkanı buna yol verməyib. Xeyriyyəçiliyin kiçiyi böyüyü olmaz deyib, gücü çatan işdən yapışıb. Deyir ki, 1998-ci ildən taksi sürür. Bu yaşda xoşməramlı niyyətinə görə ona təşəkkür edənlər qədər mübahisə edənlər də çox olub.

3 subay oğlu olan ata üçün indiki şəraitdə belə xeyriyyəçiliyin çətin olmadığını deyən Cəmaləddin dayı hərdən bu əməlinin cibinə də mənfi təsir etdiyini deyir. Deyir ki, Allah etdiyi yaxşılığın əvəzini hər zaman verir və bu missiyadan əl çəkmək niyyətində deyil. Azərbaycan Texniki Universitetinin avtonəqliyyat fakultəsini bitirən Cəmaləddin Qarayev 1998-ci ilə qədər paytaxtda müxtəlif saylı sərnişin avtobusları sürüb. Bundan sonrakı ömrünə isə taksi sürməklə davam etmək niyyətindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar