SOCAR Georgia Gas Potidə qaz kəməri inşa edib
24 Yanvar 2011 Bazar Ertəsi 18:30
SOCAR Georgia Gas Potidə qaz kəməri inşa edib. Kəmərin açılış mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili də iştirak edib.
Bu gün Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda fəaliyyət göstərən törəmə müəssisəsi “SOCAR Georgia Gas Ltd” şirkəti tərəfindən Poti şəhərində inşa edilmiş qaz kəmərinin birinci sahəsinin açılış mərasimi olub. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərasimdə Gürcüstan prezidenti Mixeil Saakaşvili, ölkənin energetika naziri Aleksandr Xetaquri, Poti şəhərinin meri Vaxtanq Lemonjava, Sameqrelo regionunun qubernatoru Zaza Qoroziya, ARDNŞ prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin digər təmsilçiləri, habelə ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin rəhbəri iştirak edib.

Tədbirdə bildirilib ki, 6,8 km uzunluğunda olan qaz kəməri 9 yaşayış korpusu və özəl sektor obyektlərini əhatə edir və 707 potensial abonentin təbii qazla təmin edilməsinə imkan yaradacaq. Hadisə xüsusilə onunla əlamətdardır ki, indiyədək Poti şəhəri heç vaxt təbii qazla təchiz edilməmişdi. Şəhərin qazlaşdırılması onun sosial-iqtisadi inkişafına təkan verəcək. Gürcüstanın qazlaşdırılması istiqamətində son dövrdə xüsusilə sürətləndirilmiş tədbirlərin həyata keçirilməsində ARDNŞ və onun qonşu ölkədəki törəmə müəssisələrinin rolu yüksək qiymətləndirilib.

Qeyd olunub ki, ən son Avropa texnologiyasını tətbiq edən “SOCAR Georgia Gas” şirkəti qaz kəmərinin çəkilişi zamanı polietilen borulardan istifadə edib ki, bu da kəmərin istismar müddətini xeyli uzadır. Ümumilikdə Poti şəhərində 150 km qaz kəmərinin inşası nəzərdə tutulub. Bunun nəticəsində əhalinin gələcək artımı nəzərə alınmaqla 17 min abonent, habelə müxtəlif təyinatlı 174 obyekt təbii qazla təmin ediləcək. ARDNŞ-in 3-illik investisiya proqramına əsasən, Gürcüstanın Sameqrelo bölgəsində 500 km-dən artıq (40 000-dən çox potensial abonent), ümumilikdə Gürcüstan ərazisində isə 1 500 km-dən artıq (150 000-dən artıq abonent) yeni qaz kəmərlərinin inşa edilməsi planlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar