Siyavuş Novruzov: "Səfirlərin bu adamlarla görüşünün səbəbini öyrənmək lazımdır”
15 Aprel 2011 Cümə 14:42
Milli Məclisdə xarici diplomatların Azərbaycan müxalifəti ilə əlaqələrindən narazıdırlar.
Azərbaycan parlamenti Qərb dövlətlərinin respublikada fəaliyyət göstərən səfirliklərinin nümayəndələrinin bu yaxınlarda Azərbaycan müxalifəti ilə görüşünün səbəblərini aydınlaşdırmaq məqsədilə həmin diplomatik korpuslara sorğu ilə müraciət etməlidir. Bu barədə hakim Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bəyan edib.

“Bu səfirliklərdən onların təmsilçilərinin xalq tərəfindən rədd edilmiş bu adamlarla görüşünün səbəbini öyrənmək lazımdır”, - deyə deputat bu gün Milli Məclisin plenar iclasında bildirib. Millət vəkili ötən həftə bəzi səfirliklərin əməkdaşlarının “İctimai palata”ya daxil olan müxalifət partiyalarının rəhbərləri ilə KİV üçün qapalı keçirilmiş görüşünü şərh edib.

Deputat Fərəc Quliyev, öz növbəsində, bu görüşün səbəblərinin araşdırılması üçün parlament komissiyasını yaratmağı təklif edib. “Ehtiyac olduğu halda, onları (müxalifətlə görüşmüş xarici diplomatlar) “persona-non qrata” elan etmək lazımdır”, - deyə o vurğulayıb.

Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov müxalifətin hərəkətləri və onların xarici diplomatlarla əlaqələrindən narahat olduğunu deyib. “Hər zaman bizə öz işində şəffaflıq haqqında mühazirə oxuyanlar özləri belə şəffaflığa əməl etmirlər. Hamıya məlum olmalıdır ki, prezident İ.Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət hər kəsin ürəyincə deyil, amma Azərbaycan öz inkişaf yolunu davam etdirəcək”, - deyə spiker əlavə edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası, “Müsavat”, Klassik Xalq Cəbhəsi və Milli İstiqlal Partiyası müxalifət partiyalarının koordinasiya orqanı olan “İctimai palata” martın 12-də və aprelin 2-də Bakının mərkəzində icazəsiz mitinqlər keçirməyə çalışıb. Aprelin 2-də keçirilmiş icazəsiz aksiyada 25 polis avtomobilinə ziyan dəyib, bir bankomat sıradan çıxarılıb, 17 mağaza və bir bankın şüşələri sındırılıb. Bu radikal hərəkətlərin qarşısı alınan zaman 13 polis yaralanıb.

Bakı şəhər Baş Prokurorluğu müxalifətin bu aksiyasından sonra cinayət işi qaldırıb. Bu barədə Baş Prokurorluq və DİN-in birgə məlumatında deyilir. “Bu qanunsuz hərəkətlərin təşkilatçıları qismində 4 şübhəli şəxs saxlanılıb. Həmçinin icazəsiz aksiyanın 70 iştirakçısına qarşı inzabi tədbirlər görülüb”, - deyə bəyanatda vurğulanır.

Müxalifət aprelin 17-də parlamentin buraxılması və ölkənin qanunverici orqanına yeni seçkilərin keçirilməsi, söz və sərbəst toplaşmaq azadlıqlarının təmin olunması ilə bağlı tələblərin irəli sürüləcəyi mitinq keçirməyi planlaşdırır.

Dünən Bakı meriyası müxalifətə mitinq keçirmək üçün konkret yer ayırıb, lakin müxalifət şəhərin mərkəzindən uzaqda yerləşən bu yeri kütləvi aksiyaların keçirilməsi üçün yararsız sayıb və aksiyanı şəhərin mərkəzində keçirmək niyyətində olduğunu bəyan edib.

Müxalifətin bir neçə üzvü cümə günü Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Burada onlara qanunsuz hərəkətlərə yol verməməklə bağlı xəbərdarlıq edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar