İçərişəhərdə siqaretlə bağlı mövqe birmənalıdır. Bu istiqamətdə konkret qadağalar var. Siqaretin nə qədər zərərli olduğunu hər birimiz bilirik. Elə məhz bunun nəticəsidir ki, İçərişəhərdə bir sıra ictimai iaşə obyektlərində siqaret çəkilməsi ilə bağlı artıq qadağa və məhdudiyyətlər tətbiq olunmağa başlayıb.
İctimai yerlərdə və qapalı məkanlarda tütün məmulatlarının istifadəsi uzun müddətdir ki,cəmiyyət üçün aktual problem olaraq qalmaqdadır. Siqaret tüstüsünün tərkibində 200-ə yaxın toksiki maddənin olduğunu nəzərə alsaq, fəsadların həcmini də təxmin etmiş olarıq. Siqaret çəkənlərin cəmiyyətimizdə çoxluğunu nəzərə alaraq, məhz bu cür tədbirlərin həyata keçirilməsi vacib amil kimi qarşıya qoyulub. İçərişəhərdə artıq belə bir addım atılıb. Bir neçə kafe və restoranda siqaret ləğv olunub. Elə kafelərin qapılarında da “Siqaret çəkmək qadağandır” sözləri yazılmış lövhələr asılıb. Kafe və restoran sahiblərinin sözlərinə görə, siqaretin qadağan edilməsi bura gələn müştərilərin əksəriyyətinin etiraz etməsindən sonra qaynaqlanıb. Çünki kafeyə yaşlı da gəlir, uşaq da. Ailələrin də çoxu siqaret çəkilən yerdə oturmaq istəmir.
Şəhər sakinləri bu qadağanın təkcə İçərişəhərdəki kafe və restoranlarda deyil, şəhərin bütün ictimai iaşə obyektlərində tətbiq olunmasını istəyirlər.
Siqaret çəkilməsi ilə bağlı qadağa və məhdudiyyətlərin gələcəkdə İçərişəhərdəki bütün obyektlərdə tətbiq olunacağı nəzərdə tutulur.