Sinoptiklər xəbərdarlıq edir: Azərbaycanda temperatur 5-8 dərəcə enəcək
17 Yanvar 2012 Çərşənbə Axşamı 13:17
Yanvarın 21-dək havanın soyuq olacağı proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın bir necə gündə ölkədə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. ANS PRESS-in nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 17-si gündüzdən başlayaraq şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun ötən günlərə nisbətən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 21-dək havanın soyuq olacağı, yanvarın 18-i axşamdan isə arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 18-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: