Şeyxülislam Tatarıstanın din xadimlərinə qarşı cinayətləri pisləyib
19 İyul 2012 Cümə Axşamı 18:44
Hacı Allahşükür Paşazadə: “Əminəm ki, müqəddəs Ramazan ərəfəsində bu iyrənc pisliyi etmiş cinayətkarları Allah cəzalandıracaq”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Alalhşükür Paşazadə Tatarıstanın dini xadimlərinə qarşı cinayəti müqəddəs dinə kobud qəsd kimi qiymətləndirib. “Trend”in məlumatına görə, bu barədə şeyxülislamın Tatarıstan prezidenti Rüstəm Minnixanova ünvanladığı məktubda deyilir.
"Tatarıstanın hörmətli din xadimi Vəliyulla Yakubovun qətli haqqında faciəli xəbər bizim ürəklərimizdə dərin kədər oyatdı. Biz bu cinayəti müqəddəs dinimizə, onun hacı Vəliyulla kimi görkəmli xadimlərinə qarşı kobud qəsd kimi qiymətləndiririk. Lakin islamın düşmənləri, xalqlarımızın düşmənləri bilməlidirlər ki, heç bir təhdid bizi haqq yolundan, Allaha və xalqlarımıza həqiqi xidmətdən döndərə bilməz. Əminəm ki, müqəddəs Ramazan ərəfəsində bu iyrənc pisliyi etmiş cinayətkarları Allah cəzalandıracaq və onlar layiqli cəzalarını alacaqlar", - məktubda deyilir.
Şeyxülislam bütün müsəlmanlar, Azərbaycanın xalqı adından Tatarıstan Prezidentinə, bütün tatar xalqına, həlak olanın doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.
"Tatarıstanın görkəmli din xadiminə, respublikanın müftisi həzrət İldus Fayzova qarşı qorxunc sui-qəsd haqqında xəbər də bizi sarsıtdı. İslamın ənənəvi dəyərlərinin möhkəmləndirilməsi işinə böyük töhfəsini verən əziz qardaşımızın çox tezliklə sağalması üçün dua edirik", - məktubda deyilir.
DOSTLARINLA PAYLAŞ: