Şeyxülislam Allahşükür Paşazadə: “Təəssüf ki, dünya haqq səsimizi eşitmək istəmir”
22 Fevral 2012 Çərşənbə 17:45
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ayren Piter Uyterlindeni onun xahişi ilə qəbul edib
 . APA-nın QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, A. Paşazadə deyib ki, Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədə qurulub: “Digər ənənəvi dinlərin nümayəndələrinə də ölkəmizdə hər cür şərait yaradılır. Dini rəhbərlərin arasındakı sıx əməkdaşlıq əlaqələri Azərbaycandakı tolerantlıq mühitinin yüksək səviyyədə olmasından xəbər verir. Biz bütün dünyada, o cümlədən Niderland Krallığında yaşayan din xadimləri ilə əlaqələrin qurulmasında maraqlıyıq. Çünki din xadimləri həmişə həqiqəti müdafiə edir, sülhə, sabitliyə çağırırlar”.

Şeyxülislam Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını təkcə ölkəmiz üçün deyil, bütün region üçün təhlükə adlandırdıb: “Ermənistanın bu işğalçılıq siyasəti bütün regionda sülhün əldə edilməsinə zərbə vurur. Günahsız insanlar, körpə uşaqlar həyatlarını itirilər. Xalqımız Xocalı faciəsinin 20-ci ildönümünü qeyd etməyə hazırlaşır. Yüzlərlə insan bu vəhşiliyin qurbanı olub. Təəssüf ki, Avropa, bütün dünya haqq səsimizi eşitmək istəmir. Diplomatların üzərinə də böyük məsuliyyət düşür. Onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmalı, məsələlərə obyektiv yanaşmalıdırlar. Digər məsələləri dövlətimiz, xalqımız özü həll etməyə qadirdir”.

Niderland Krallığının Azərbaycandakı səfiri Ayren Piter Uyterlinden QMİ sədrinin fəaliyyətini yaxından izlədiyini diqqətə çatdırıb: “Sülhün, sabitliyin əldə edilməsi yolunda göstərdiyiniz səylər alqışa layiqdir. Ermənistanın dini lideri ilə görüşlərdə səsləndirdiyiniz fikirlər, ön xətdən snayperlərin çəkilməsi barədə etdiyiniz çağırışlar bir daha onu göstərir ki, siz həqiqətən də cəsarətli vətəndaş mövqeyi nümayiş etdirirsiniz”.

Sonda səfirə xatirə hədiyyəsi təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar