Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana gedir
28 May 2012 Bazar Ertəsi 14:12
QMİ sədrinin başçılıq etdiyi heyət Astanada keçiriləcək dünya dinləri və ənənəvi dinlərin liderlərinin qurultayında iştirak edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Qazaxıstan Respublikasına səfərə yola düşür. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, səfərdən məqsəd 30-31 may tarixlərində Astanada keçiriləcək dünya dinləri və ənənəvi dinlərin liderlərinin GM qurultayında iştirak etməkdir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə hər üç ildən bir keçirilmə ənənəsi qoyulmuş bu qurultayların əvvəlkilərinin də iştirakçısı olmuş QMİ sədri Şeyxülislam A. Paşazadəyə növbəti qurultayda iştirak üçün dəvət məktubunu Qazaxıstan Parlamenti sədrinin xüsusi nümayəndəsi şəxsən təqdim edib.
Astananın Sülh və Həmrəylik Sarayında keçiriləcək qurultayda dünyanın nüfuzlu dini liderlərinin və beynəlxalq qurumların rəhbərlərinin iştirak edəjəyi gözlənilir. Qurultay çərçivəsində "Sülh və həmrəylik bəşəriyyətin seçimi kimi" mövzusunda plenar iclas, "Dini liderlərin sabit inkişafa nail olunmasında rolu", "Din və multikulturalizm", "Din və qadın: mənəvi dəyərlər və müasir çağırışlar", "Din və gənclik" mövzularında bölmə iclaslarının keçirilməsi, yekunlara dair Müraciətin qəbulu nəzərdə tutulur.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qurultayda məruzə ilə çıxış edəcək.
DOSTLARINLA PAYLAŞ: