Seyran Ohanyan: "Müharibə hər an bərpa oluna bilər"
20 İyul 2010 Çərşənbə Axşamı 13:15
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiya mətbuatına müsahibə verib.
"Rəsmi Bakının hərbi ritorikası və təhdidləri istənilən an müharibənin bərpasına hazır olmağa dəlalət edir". Bu bəyanatla Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində Ermənistanın müdafiə naziri Seyran Ohanyan çıxış edib. Erməni nazir bildirib ki, Azərbaycanın hərbi siyasəti Ermənistan üçün birbaşa təhlükə yaradır.
“Azərbaycan öz hərbi büdcəsini bir neçə dəfə artırıb və Ermənistan xalqı və dövlətinə qarşı düşmənçiliyi təbliğ edir. Bu siyasət sabitliyin pozulmasına gətirib çıxara bilər və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə qəbul olunmuş razılaşmalara ziddir”, - deyə S. Ohanyan qeyd edib.
Buna baxmayaraq, Ermənistanın müdafiə idarəsinin rəhbəri iddia edib ki ,"Ermənistan silahlı qüvvələri istər bu gün, istərsə də sabah istənilən hücumu dəf etməyə hazırdır".
O, fikirlərinə özünəməxsus şəkildə arqumentlər də gətirib: “Müharibə başlayacağı təqdirdə 5-6 gün ərzində qələbə qazanacağını bəyan edən Azərbaycanın əsas arqumenti dəfələrlə artan və ildə 2 milyard dollar göstəricisini ötən müdafiə büdcəsi faktıdır. Lakin bu əminlik həqiqətdən uzaqdır. Düşünürəm ki, Azərbaycanın iqtisadi artımının erməni tərəfinin öz prinsipial mövqelərindən geri çəkilməsinə səbəb ola biləcəyini güman etmək yalnış olardı. Bundan əlavə, biz regionda balansı saxlamaq məqsədilə konkret addımlar atırıq. Silahlı qüvvələrin döyüş qabiliyyətinə gəldikdə isə, Azərbaycan Ordusu bu məsələdə heç vaxt Ermənistanı üstələyə bilməz”, - deyə Ermənistanın müdafiə naziri müsahibəsində bildirib.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev dəfələrlə bəyan edib ki, bu gün Silahlı Qüvvələrimizin hər bir əsgəri, giziri, zabiti və generalı ali baş komandan, prezident İlham Əliyevin döyüş əmrini yerinə yetirməyə hazırdır. Nazir Azərbaycanın güclənən iqtisadi imkanları hesabına hərbi büdcənin ildən-ilə artdığını və ordunun döyüş qabiliyyətinin daha da yüksəldiyini bildirib.
Nazir bu gün Azərbaycanda mövcud olan hərbi potensialın istənilən anda qısa müddətdə bu vəzifəni icra etməyə imkan verdiyini qeyd edib: “Sadəcə olaraq biz istəmirik ki, hərbi yola əl ataq. Ancaq bu variant heç vaxt istisna olunmur”.
Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə çıxışlarında bəyan edib ki, biz hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etmək üçün hazır olmalıyıq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: