Sevinc Babayeva üçün Türkiyədə açılmış epikrizin detalları məlum olub
14 Yanvar 2013 Bazar Ertəsi 19:40
Epikrizdə S.Babayevanın Esenyurt dövlət xəstəxanasına nə vaxt daxil olduğu və ona hansı tibbi yardımların göstərildiyi əks olunub.
ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallanan mərhum Sevinc Babayevanın müalicə olunduğu İstanbulun Esenyurt dövlət xəstəxanasında onun üçün açılmış xəstəlik kağızının (epikriz) detalları məlum olub. APA-nın eksklüziv olaraq əldə etdiyi həmin epikrizdə S. Babayevanın Türkiyə Cümhuriyyəti Səhiyyə Nazirliyi Esenyurt dövlət xəstəxanasına nə vaxt daxil olduğu və ona hansı tibbi yardımların göstərildiyi əks olunub.
S. Babayeva 2012-ci il dekabrın 26-da Esenyurt dövlət xəstəxanasında Məryəm Solmaz adı ilə qeydiyyatdan keçib. Qeydiyyatda onun doğum tarixi 1975-ci il göstərilib.

Epikrizdən aydın olur ki, təcilli yardımla xəstəxanaya çatdırılan S. Babayeva reanimasiya şöbəsində müayinə edilib. Xəstəxanaya daxil olarkən o, rəngi qızarmış və şüuru qapalı vəziyyətdə olub. Xəstənin ürək-damar sisteminə elektroşok tətbiq edilib, dərhal sonra reanimasiya şöbəsinə yerləşdirilib. Elektroşoka reaksiya verən xəstəyə süni nəfəs verilib. Xəstənin ağciyərlərinə girib-çıxan hava ölçülüb, sidiyə getmənin az, təzyiqin çox aşağı olduğu müəyyənləşib. Ona dializ katetoru taxılıb və vəziyyəti yoxlanılıb.
Həmin gün saat 11.00-da xəstənin ümumi vəziyyəti pis, şüuru qapalı olub. Saat 13.00-da ürək-damar sisteminin funksiyalarının normallaşması üçün həyata keçirilən dəstək tədbirləri davam etdirilib. Şüuru açılıb, fasilələrlə yardım göstərilib. Qan dövranının pozulmasına görə konsultasiya tələb edilib. Yuxarı təzyiq ölçülə bilməyib və bədən temperaturu soyuq, qanaxma meyli mövcud olub.

Saat 13.15-də xəstədə qan analizləri alına bilinməyəcək qədər laxtalanma dəyərlərinin yüksək olduğu bildirilib. Kardiologiya mütəxəssisi və kardioloji təşəbbüs imkanı yüksək olan 3-cü pillə reanimasiya şöbəsinə (xəstənin yaxın adamının istəyi ilə Beylikdüzü özəl Medicana xəstəxanasına) göndərilib.

S. Babayevaya qoyulan ilkin diaqnozda ürək funksiyalarının dayanması, ağciyərin fəaliyyətinin dayanması səbəbindən maddələr mübadiləsinin pozulması nəticəsində yüksək həddə turşuluğun yaranması (Kardiopulmoner arrest + dərin metabolik asidoz), səbəbi bilinməyən tənəffüs çatışmazlığı, qanaxma riskinin yüksək olması, laxtalanma pozğunluğu, ürək çatışmazlığı göstərilib.
Müayinənin sonunda xəstənin daha müasir texnika ilə təmin olunmuş xəstəxanaya göndərilməsinə qərar verilib.

Qeyd edək ki, “Medicana İnternational İstanbul Hastanesi”nə göndərilən Sevinc Babayeva orada dünyasını dəyişib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar