Səttar Mehbalıyev: “41 dərəcə istidə iş dayandırılmalıdır”
05 İyul 2010 Bazar Ertəsi 12:40
Bakı. İlhamə İsabalayeva - APA. “Açıq hava şəraitində çalışan işçilər üçün 41 dərəcə istidə iş dayandırılmalıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev deyib.
O bildirib ki, işçi hüquqlarının pozulmasına daha çox tikinti sektorunda yol verilir: “Bu sektorda işçilərin istirahətinə, yemək təminatına fikir verilmir və onlar günün altında işləyirlər. İndiki vəziyyətdə asfalt salanlar daha çox əziyyət çəkir. Bir yandan 40 dərəcə isti, digər tərəfdən isə asfaltın özünün 30 dərəcəlik istisi işçilərin səhhətində problemlər yarada bilər. Bu cür problemlər var. Əmək qanunvericiliyinin tələblərinə əsasən heç bir halda 41 dərəcədə iş prosesinin davam etdirilməsinə icazə verilmir. Amma iş yerlərində bu tələblərə əməl olunmur. Bəzi qapalı yerlərdə ola bilsin ki, sərinləşdirici sexlər var və orada iş prosesinin davam etdirilməsi mümkündür. Lakin belə yerlərdə də işçilərin istidən əziyyət çəkməməsi üçün zəruri tədbirlər görülməlidir. 41 dərəcə istidə işlər dayandırılmalı, işçilər sərinləşdirici yerlərdə işləməli, onlara sərin su verilməlidir”.

Səttar Mehbalıyev bəyan edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yalnız həmkarlar təşkilatı yarada bildiyi müəssisədə belə məsələlərə görə cavabdehlik daşıyır: “Hansı müəssisələrdə ki, həmkarlar təşkilatları yoxdur, orada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları bu işlərlə məşğul olmalıdır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar