Şərq Tərəfdaşlığı sammitində birgə bəyannamə qəbul olunub
30 Sentyabr 2011 Cümə 19:43
Şərq Tərəfdaşlığı sammitində birgə bəyannamə qəbul olunub. Sənəddə “dondurulmuş” münaqişələrin həllinin vacibliyi xüsusi vurğulanıb.
Varşavada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində birgə bəyannamə qəbul olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sammit iştirakçıları “Şərq Tərəfdaşlığı” proqramının icrasının davamını alqışladıqlarını bəyan edib. Sənəddə “dondurulmuş” münaqişələrin həllinin vacibliyi də vurğulanıb. Konkret olaraq qeyd edilib ki, münaqişələrin həlli, dinc qonşuluq və qarşılıqlı etimad mühitinin formalaşdırılması bölgədəki əməkdaşlıq üçün xüsusi önəm daşıyır.

Birgə bəyannamədə həmçinin Avropa Birliyinin Gürcüstanla viza rejiminin sadələşdirilməsinə dair apardığı danışıqların başa çatdığı, Moldova və Ukrayna ilə danışıqların davam etdiyi, Azərbaycan və Ermənistanla isə danışıqların başlandığı alqışlanıb.

Qeyd edək ki, Avropa Birliyi ölkələrinin, eləcə də “Şərq tərəfdaşlığı” proqramına üzv dövlətlərin rəhbərlərinin iştirak etdiyi toplantıda Azərbaycanı prezident İham Əliyev təmsil edir. Sammiti giriş sözü ilə Polşanın baş naziri Donald Tusk açıb. O deyib ki, toplantının məqsədi postsovet ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar