“Sərkisyan işğalı etiraf etdikcə Türkiyə ilə Azərbaycandaha da yaxınlaşır”
02 Avqust 2011 Çərşənbə Axşamı 14:14
“Son proseslər Türkiyənin “Ermənistan açılımı”nın da nə qədər səhv bir siyasət olduğunu ortaya çıxarıb”


İstanbul. Mayis Əlizadə-APA. ““Ermənistan son vaxtlarda Türkiyədə separatçıların bəzi əməllərindən iştaha gələrək gündəmə mənasız iddialar gətirir. Ancaq heç kim unutmamalıdır ki, Türkiyə nə separatçılara, nə də mənasız erməni iddialarına meydan verəcək qədər zəif bir ölkə deyil”. Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Türk Tarix Qurumunun sabiq rəhbəri, Milliyyətçi Hərəkat Partiyası Kayseri millət vəkili, professor Yusuf Halaçoğlu verib.
Onun sözlərinə görə, artıq Ermənistan nə edəcəyini bilməyən bir vəziyyətə düşüb: “Keçmişdə olduğu kimi, artıq ABŞ da Ermənistanı “soyqırımı” məsələlərində dəstəkləmir. Çünki Orta Şərqdəki problemlərini həll etməsi üçün ABŞ-ın Türkiyəyə qeydsiz-şərtsiz daha çox ehtiyacı var. Ona görə də Ermənistanın “Ağrı dağı xəyalları”nın heç bir mənası yoxdur. Bu proseslər Türkiyənin “Ermənistan açılımı”nın da nə qədər səhv bir siyasət olduğunu ortaya çıxarıb. Əslində bu proseslər Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri daha da gücləndirir. Demək ki, “hər şərdə bir xeyir vardır”. Ona görə də qoyun, onlar mənasız şəkildə danışmağa davam etsinlər. Burada əsas məsələlərdən biri - Azərbaycanın bu dönəmdən yaxşı istifadə etməsidir. Azərbaycan öz iqtisadiyyatının inkişafını bu dönəmdə ən yaxşı şəkildə tamamlamalıdır. Bilirsiniz ki, bir ölkənin iqtisadi gücü - onun siyasi gücü deməkdir. Bu baxımdan öz iqtisadiyyatını gücləndirən Azərbaycan yaxşı yoldadır. İqtisadi çöküş içində olan hər bir dövlət əvvəl-axır qonşularına möhtac olur. Yunanıstanı görürsünüz - ada satmaq vəziyyətinə gəldilər. Ermənistan ondan daha pis duruma düşəcək. Ermənistan qonşusunda iqtisadi əlaqə yarada biləcək ölkələrin hamısı ilə problemli vəziyyətdədir - İran istisna olmaqla. Dövlətlər arasında yeni ortaq qurumlar yaradılmasına ehtiyac var ki, bu da enerji mərkəzli ölkələrin önəmini daha da artırmaqdadır. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da dərinləşdirilməsi bu baxımdan da çox böyük önəm daşıyır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar