Serj Sarkisyanın məsuliyyətə cəlb olunması üçün araşdırmalar aparılır
16 Yanvar 2010 Şənbə 21:10
"Əsassız erməni iddiaları ilə mübarizə dərnəyi" Avropa Məhkəməsinə müraciət edib
"Serj Sarkisyanın məsuliyyətə cəlb olunması üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib və artıq məhkəmə tərəfindən Sarkisyanla bağlı araşdırmaların aparılması üçün sənədlər tələb olunub". Belə bir açıqlama ilə Türkiyənin İqdır vilayətində fəaliyyət göstərən "Əsassız erməni iddiaları ilə mübarizə dərnəyi"nin sədri Göksel Gülbey çıxış edib. O, bildirib ki, artıq zəruri sənədlər toplanılaraq Avropa Məhkəməsinə göndərilib.
Göksel Gülbeyin sözlərinə görə, yanvarın 8-nə qədər tələb olunan sənədlər göndərilib. "Bundan əlavə Azərbaycan XİN-dən, Azərbaycan hökumətindən dərnəyimiz olaraq istədiyimiz sənədlər var. Əgər ölkə arxivində Sarkisyanın Xocalıdakı qırğınlarla bağlı olduğunu göstərən video görüntülər, onun komandirlik etdiyini təsdiqləyən sənədlər varsa, onların bizə göndərilməsini istəyirik. Biz bu sənədləri də toplayaraq Avropa İnsan Haqlari Məhkəməsinə göndərəcəyik",-deyə dərnək rəhbəri bildirib.
Dərnək rəhbəri Xocalı faciəsi ilə bağlı 5 dildə broşür də hazırladıqlarını və onları yaymağı planlaşdırdıqlarını bildirib. Göksel Gülbey Xocalı soyqrımının ildönümü ərəfəsində İqdirda rejissor Korhan Yurtsevənin faciə ilə bağlı çəkdiyi sənədli filmin təqdimatını keçirəcəklərini də söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: